Rəsmilər un qiymətinin dünya bazarına uyğunlaşdırıldığını deyir, sahibkarlara sui-istifadəyə dair xəbərdarlıq olunur

Azərbaycanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti unun qiyməti ilə bağlı gedən narahatlıqlarla bağlı rəsmi açıqlama yayıb.

Rəsmi məlumata görə, bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıblar.

"Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur".

Qurum bununla əlaqədar xidməti nəzarət tədbirlərini daha da gücləndirib.

Dövlət Xidməti tərəfindən preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının yolverilməzliyi barədə xəbərdarlıq edilib:

"Un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinqlər zamanı qanunvericiliyin pozulması əlamətləri aşkar olduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcək."

Azərbaycanda yanvarın 3-dən un 30 faiz civarında bahalaşıb. Bəzi yerlərdə çörəyin qiymətində də artım müşahidə edilir.

Yanvarın 4-də yerli mediada Azərbaycanın iri un və çörək istehsalçılarının un və çörəyin bahalaşması ilə bağlı müraciəti yayılıb.

“Hesablamalarımıza görə, qiymətlərin uyğunlaşmasının nəticəsi olaraq 50 kiloqramlıq bir kisə unun topdan satış qiyməti (inidiyədək 26 manat olub-red) 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur. Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq," müraciətdə qeyd edilir.

Sənəddə deyilir ki, Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün Rusiya bazarında baş verən qiymət artımı bu məhsulun ölkəyə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir.

“Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabrında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub,” iri istehsalçıalr bildirir.

Azərbaycanda un və un məmulatlarının, o cümlədən çörək və digər ərzaq məhsullarının pərakəndə satış qiymətlərində artım müşahidə edilir. İnsanlar əsasən aztəminatlı ailələrin daha çox istifadə etdiyi “zavod çörəyi” adlandırılan çörəyin qiymətinin artırılmasından narahatdır.

Bəzi müşahidəçilər hesab edir ki, hökumət tələbatı ödəmək və daxili bazarı tənzimləmək üçün neçə illərdir taxıl idxalçılarına müxtəlif güzəştlər və daxili bazarda qiymətlərə müdaxilə edir. Buğda və un məmulatlarına tətbiq edilən Əlavə Dəyər Vergisinin ləğvi nəticəsində un və un məmulatlarının, o cümlədən çörəyin qiymətinin qalxmasının azı 18 faiz qarşısı alınıb.

Digərləri Azərbaycan bazarında kartel sövdələşmələri və inhisarçılıq mövcud olduğunu hesab edir.

“Azərbaycan bazarının nəzəri cəhətdən dünya bazarına inteqrasiya olunduğu görünməsinə baxmayaraq praktiki cəhətdən belə deyil. Nəzəri cəhətdən Azərbaycan bazarının dünya bazarına inteqrasiya olunması onu göstərir ki, bazar dünya bazarında qiymətlər artan kimi ona reaksiya verir, amma dünya bazarında qiymətlər enəndə Azərbaycan bazarı ona reaksiya vermir,” Azad İstehlakçılar Birliynin sədri Eyyub Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib.

Azərbaycan Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları” adlı statistik məcmuəsində dərc edilən məlıumata əsasən Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkədə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon ton, idxal isə 1,3 milyon tona yaxındır.

Məlumatda deyilir ki, Azərbaycanın ərzaq buğdası ilə özünü təminetmə səviyyəsi orta hesabla 59.5% təşkil edir, tələbatın təxminən 40-45 faizi idxal hesabına ödənilir. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr Rusiya, Qazaxıstan və Ukraynadır.