Koronavirusun Florida turizminə təsirləri

Your browser doesn’t support HTML5

Florida ABŞ-ın ən populyar turizm məkanlarından biridir. İsti iqlimi və kilometrlərlə uzanan gözəl çimərlikləri ilə Florida təqaüdə çıxanları və istirahət etmək istəyənləri özünə cəlb edir. Lakin koronavirus epidemiyası təhlükəsi ilə bütün bunlar Florida turizmi üçün günəşli ola bilməz.

Koronavirusun dünya boyu yayıldığı bir vaxt Florida rəsmiləri bunun ştatın inkişaf edən turizm sənayesinə zərbə vuracağından narahatdır. Hazırda ən böyük amil qeyri-müəyyənlikdir. Harvard universitetindən Maykl Mina: “Fikrimcə bizim bu virus haqda kifayət qədər məlumatımız yoxdur. Buna görə də onun cənub və şimal ştatlarına necə təsir edəcəyi barədə məlumat verə bilmərik. Lakin Çinə baxdıqda orada böyük dəyişikliklərin olduğunu görmürük.”

ABŞ-la Çin arasında uçuşlar keçirən 11 beynəlxalq aeroportdan heç biri Florida ştatında yerləşmir. Lakin Florida ölkənin ən işlək gəmi limanlarından biridir. 2019-cu ildə Mayamidən 6 milyondan çox sərnişin daşıyan 1,200-dən çox kruiz gəmisi çıxıb.

Ən böyük şirkətlərdən biri olan `Carnival Cruise Lines` Şimali Amerikaya və Avstraliyaya səfərlərini həmişəki cədvəl üzrə davam etdirdiyini bildirib.

Bununla yanaşı Çin, Honq Konq və Makaudan gələrək Floridadan səyahətlər sifariş edənlərin kruiz gəmilərinə müvəqqəti olaraq qadağa qoyulub. “Turizm şirkətləri və biznesləri üçün ən başlıcası hazırda virusun ən çox hansı ölkələrdə olduğunu nəzərdən keçirməkdir. Hazırda tur qrupunun İrana, Cənubi Koreyaya və ya Çinə getməsi yaxşı ideya olmazdı” deyə, Maykl Mina bildirir.

Florida Beynəlxalq Universiteti kimi bəzi Florida universitetləri İtaliya, Sinqapur, Yaponiya və Cənubi Koreya kimi yerlərə səyahətləri təxirə salıb və bir sıra beynəlxalq elmi layihələr ləğv edilib.

İlk koronavirus halları Florida ştatında martın ilk həftəsində təsdiqlənib. Ştat rəsmiləri yerli sakinlər və turistlərə ştatdakı virus haqqında onlayn geniş məlumat verməyə çalışır.