Florens 32 nəfərin həyatına son qoyub

ABŞ-ın cənub-şərqi ştatlarını hədəf alan Florens qasırğası hazırda həmin bölgələri su altında qoyub. Şiddətli yağışlar səbəbi ilə daşqın xəbərdarlığı hələ də qüvvədədir.

Xəbərdarlıq qonşu Virciniya, Vermont və Nyu-Hempşir ştatlarına da şamil edilir.

Ötən həftə qasırğa Şimali Karolina ştatını vurduqdan sonra səngiyərək, 1-ci kateqoriyaya enib. Bir neçə gün ərzində 90 santimetrə yaxın yağmur qeydə alınıb.

Ştat qubernatoru Roy Kuper Şimali Karolinada böhranın davam etdiyini bildirib. O, ştatın bir sıra bölgəsində təhlükənin mövcud olduğunu və su səviyyəsinin artdığını deyib.

Təbii fəlakət əksəriyyəti Şimali Karolinadan olmaqla, 32 nəfərin həyatına son qoyub.

Prezident Donald Tramp xilas əməliyyatlarını təqdir edərək, federal hökumətin 20 min personel daxil edilməklə, bütün mənbələrdən istifadə etdiyini bildirib.

Gələn bir neçə gün ərzində ABŞ dövlət başçısının fəlakət zonasına səfəri planlaşdırılır.