Financial Times qəzetində “Azərbaycanı kim itirdi?” başlıqlı məqalə dərc edilib.
Anna Dedhar və Nik Batlerin yazdığı məqalədə deyilir ki, 1990-cı illərdə Azərbaycan Sovetin məngənəsindən qurtulan, qaz və neft kimi zəngin resurslara malik olan, Səudiyyə Ərəbistanından Yaxın Şərqə sirayət edən radikal müsəlman ektremizmindən uzaq bir ölkə kimi dünyanın bəxtiyar ölkələrindən biri hesab edilirdi/
Ancaq 20 il sonra ölkədə acınacaqlı vəziyyət yaranıb. Korrupsiya iqtisadi inkişafı ləngidir, konstitusiyaya dəyişikliklər ölkəni ailə mülkiyyəti kimi idarə edən prezident İlham Əliyevin hakimiyyətini gücləndirir.
Müəlliflər bu şəraitə nəyin səbəb olduğu və nə etməli kimi suallara cavab axtarır.
Bu şəraitə nə səbəb oldu?
Azərbaycan qlobal neft sənayesinin təməli qoyulan ilklər ölkəsidir. Burada ilk elementar neftayırma zavodu 1823-cü ildə işə salınıb. İlk buruqdan 1848-ci ildə neft çıxarılıb. İlk ofşor neft mədəni Neft Daşları 1951-ci ildə fəaliyyətə başlayıb.
Lakin bütün bunlara baxmayaraq, Sovet dövründə neft hasilatı dünya standartlarını qarşılaya bilmədi. Azərbaycanın neft sanəyesi rusların biganəliyi üzündən çökməyə başladı. Rusiya Azərbaycanda neft sənayesinə yatırım etmək və ya səriştəliyi artırmaq əvəzinə diqqətini Sibirdə neft istehsalına yönəltdi.
Məqalədə qeyd olunur ki, neftin qiymətinin düşməsi, neftlə zəngin bütün ölkələr kimi Azərbaycana da mənfi təsirini göstərməkdədir. Qonşularla sərhəd mübahisələrinin bitməməsi Xəzərdəki yeni yataqların tədqiqinə mane olub, neft istehsalı azalıb və hələ də azalacaq. Vergilərin artırılacağı qorxusu yeni investisiyaları əngəlləyir.
Arbitrar həbslər geniş hal alıb, söz azadlığı rejimin əleyhdarlarına şamil olunmur.
Qəzet yazır ki, 90-cı illərdə Xəzər dəhlizi ideyasını irəli sürən ABŞ-ın məqsədi regionu Rusiyadan qorumaq, yeni ticarət zonaları yaratmaq idi. Ancaq İraq və Əfqanıstandakı müharibələrdən yorulan və Avropa İttifaqının dəstəyini almamaqla Amerika bu ambisiyalarından əl çəkdi. Nəticədə avtoritar idarəetmədən başqa təcrübəsi olmayan Azərbaycan kimi ölkələr diqqətdən kənar qaldı.
Nə etməli?
Bəziləri inanır ki, vəziyyətin çətinləşməsi Azərbaycanı, sözün əsl mənasında, islahatlara vadar edəcək. Buna yalnız ümid bəsləmək olar. Nəticə daha çox bütün mümkün gəlirlərə nəzarət uğrunda mübarizə və Moskvanın müdaxiləsi qorxusu ola bilər.
Əliyevi tərpətməyin yeganə yolu Birləşmiş Ştatlar hökumətinin sərt təzyiqi ola bilər.
Əliyevi tərpətməyin yeganə yolu Birləşmiş Ştatlar hökumətinin sərt təzyiqi ola bilər. Vaşinqton jurnalistlərin həbsi, insan haqlarının pozulması, saxta məhkəmələr barədə tənqidləri çoxaltmaqdadır. Amma bu tənqidlərə hələ ki, məhəl qoyulmur. İraq və Əfqanıstandakı kimi hərbi müdaxiləyə ehtiyac yoxdur, çünki bu cür müdaxilə problemin həlli yolu deyil.
Ən effektiv müdaxilə Vaşinqton, Brüsselin, yaxud da hər ikisinin Orta Asiyanın strateji əhəmiyyətli zona olduğunu vurğulayan bəyanatları ola bilər. Bu bəyanatlarla bir arada korrupsiya və insan haqları pozuntularına qarşı bir-bir və hərtərəfli mübarizəyə ehtiyac var. "Hüququn aliliyi bərpa olunmalıdır”- məqalədə qeyd olunur.