Daxili İşlər Naizrliyinin mətbuat xidməti JAM.az saytının baş redaktoru Fikrət Fəraməzoğlunun həbsi ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda deyilir ki, Bakının Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini Daxili İşlər Nazirliyinə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu JAM.az və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində cari ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.
Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.
İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub.
Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı anoloji cinayətlər törətdiyi barədə müraciətlər ediblər.
Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində iyulun 2-də Nərimanov rayon Məhkəməsi həbs qət-imkan tədbiri seçib. Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, baş redaktor iyunun 30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə pul tələb etmə) ilə ittiham irəli sürülüb.
Vəkilin sözlərinə görə, jurnalistin yaxınları və qohumları ilə əlaqə saxlamasına imkan verilmir.
“Bu məlumatları mən öz təşəbbüsümlə öyrənmişəm”, o qeyd edib.
Vəkil Fərəməzoğlu ilə hələ görüşə bilmədiyini və məhkəmənin qərarını bu gün alacağını bildirib.
Fərəməzoğlunun kimdən və ya hansı təşkilatdan hədə-qorxu ilə pul tələb etməsi barədə vəkil məlumatsızdır. O, işlə tanış olduqdan sonra mediaya əlavə məlumat verəcəyini bildirib.
Fikrət Fərəməzoğlunun həyat yoldaşı yerli mediaya bildirib ki, iyunun 30-da günorta saatlarında 4-5 nəfər mülki geyimli şəxs kimliyini bildirmədən, heç bir sənəd təqdim etmədən jurnalistin evində axtarış aparıb. Baş redaktora məxsus noutbuk, sənədlər, yazılar, disklər, hətta uşaqlarının toy diskləri götürülüb.
F.Fərəməzoğlu 10 il öncə cinayət məsuliyyətinə cəlb olunub. O zaman “24 saat” qəzetinin baş redaktoru olan Fərəməzoğlu şərəf və ləyaqət ittihamı ilə bir il azadlıqdan məhrum edilib.
Onun hazırda rəhbərlik etdiyi Jam.az saytı hər hansı konkret siyasi-ideoloji təmayülü ilə fərqlənmir. Saytda müxtəlif rütbəli məmurların və biznes nümayəndələrinin ünvanına kəskin tənqidi məqalələr yer alır.
Jurnalist həbs etdiriləcəyi ilə bağlı bu ilin mayında bəyanatla çıxış edib.
“Şəxsi həyatıma yaranmış təhlükə ilə əlaqədar təhlükəsizliyimin təmin edilməsi barədə göstəriş verməyinizi xahiş edirəm” , deyə baş redaktor bu il mayın 17-də hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib.
Xatırladaq ki, 2015 və 2016-cı illərdə jurnalist etikasına əməl etməməsi əsas göstərilməklə Baş Prokurorluq və Mətbuat Şurası tərəfindən Jam.az saytına xəbərdarlıq edilib.