ABŞ sanksiyalarına baxmayaraq, Sudanda döyüşlər şiddətlənir

Xartum, Sudan, 1 iyun, 2023.

Sudanda ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə əldə olunan atəşkəsinpozulmasının ardınca ABŞ-ın tətbiq etdiyi sanksiyalara rəğmən rəqib generallar arasında döyüşlər intensivləşdiyi bir vaxt, Xartumda cümə günü atışmalar artıb.

Şahidlər Xartumun şərqində və Omdurman şəhərində dövlət televiziyasının binasının ətrafında “artilleriya atəşi” açıldığını bildrib.

Xartum və qərbdəki Darfur bölgəsində dəfələrlə humanitar atəşkəs vasitəçiliyinə rəğmən ordu ilə yarı-hərbi Çevik Dəstək Qüvvələri arasında təxminən yeddi həftədir döyüşlər davam edir.

Ordu “Xartum ərazisindəki əməliyyatlarda” iştirak üçün Sudanın başqa hissələrindən əlavə qüvvələr gətirdiyini elan edib.

Sudan üzrə təhlilçi Xolud Xair deyib ki, ordunun yarımhərbiləri şəhər küçələrindən təmizləmək üçün “kütləvi hücum həyata keçirəcəyi gözlənilir.”

Vaşinqton cümə axşamı döyüşən tərəflərə sanksiya tətbiq edərək, hər ikisini “dəhşətli” qırğına görə cavabdeh tutub.

ABŞ Maliyyə nazirliyi Sudan Silahlı Qüvvələrinin iki silah şirkətini, Müdafiə Sənayesi Sistemi və Sudan Master Texnologiyasını qara siyahıya daxil edib.

Nazirlik həmçinin Çevik Dəstək Qüvvələri komandiri Məhəmməd Həmdan Daqlo və ailəsinin idarə etdiyi qızıl mədəni şirkəti Al Junaid Multi Activities Co və silah alverçisi Tradive General Trading-ə sanksiyalar qoyub.

Bu arada isə Dövlət Departamenti həm ordu həm də Çevik Dəstək Qüvvələrinin rəsmilərinə viza məhudiyyətləri tətbiq edib və onların “Sudanın demokratik keçidinə xələl gətirilməsində” iştirak etdiklərini deyib.

Vaşinqton cümə günü elan edib ki, Dövlət katibi Antoni Blinken gələn həftə Səudiyyə Ərəbistanına səfər edəcək və orada “regional və qlobal məsələlərlə bağlı strateji əməkdaşlığı” müzakirə edəcək.

Onun səfəri hər iki ölkənin Sudanda davamlı atəşkəsə vasitəçilik etmək səylərindən sonraya təsadüf edir.