Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı açılıb

Bu gün, aprelin 22-də Azərbaycanın Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı açılıb. Qurultay aprelin 23-dək davam edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edir.

Qurultayda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan dövləti öz fəaliyyətində həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanır, təmaslar qurur.

“Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir. Mən də öz həmkarlarımla, harada ki, azərbaycanlılar yaşayır, o ölkələrin rəhbərləri ilə daim bu məsələyə diqqət yetirirəm,” Əliyev qeyd edib.

Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabatı dinlənilib. Qurultayda “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələr təşkil ediləcək.

Dünya Azərbaycanlılarının I qurultayı 2001-ci ildə, II qurultayı 2006-cı ildə, III qurultayı 2011-ci ildə, IV qurultayı 2016-cı ildə keçirilib.

Dünya ölkələrində azərbaycanlıların sayı barədə rəsmi statistika yoxdur. Ancaq bir çox nəşrlər hazırda dünyada 50 milyondan çox azərbaycanlının yaşadığını bildirir.

Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyada 2 milyon azərbaycanlı yaşayır.

Azərbaycanın müstəqillik dövründə ABŞ-a minlərlə azərbaycanlı köçüb. ABŞ-da həmçinin İrandan mühacirət etmiş çoxsaylı azərbaycanlı yaşayır.