Facebook 10 yaşını qeyd edir

Sosial şəbəkələr arasında lider olan Facebook yaradılmasının 10 illiyini qeyd edir. Özəl kollecin veb səhifəsi kimi fəaliyyətə başlayan Facebook 1.23 milyard istifadəçisi olan dünya miqyasında sosial şəbəkə platformasına çevrilib.

Şirkət yaradılmasının 10 illiyi ilə bağlı böyük planlarının olmadığını bildirsə də, müşahidəçilər veb səhifənin digər sosial şəbəkələr arasında sürətlə populyarlıq vı nüfuz qazanmasını qeyd edir.

Facebook ilk dəfə səhmlərini 2012-ci ildə satışa çıxarıb. İlkin olaraq səhmlər aşağı nəticə göstərsə də, şirkətin dəyəri tədricən rekord səviyyəyə çatıb. Facebook şirkətinin dəyərinin 157 milyard dollar təşkil etdiyi bildirilir. Bu, ABŞ-da 10 ildən çox fəaliyyət göstərən bir sıra aparıcı şirkətlərdən daha böyük göstəricidir.

Ekspertlər deyir ki, sosial şəbəkələrin üzləşdiyi əsas çətinlik yeni texnologiyaya üz tutmuş gənc istifadəçilərin marağını cəlb etməkdən ibarətdir.

Facebook şirkətinin gələcəyinin necə olacağından asılı olmayaraq, artıq müasir dilə onun vasitəsilə bir sıra yeni sözlər gətirilib.