Ferqusonda iki polis işçisinə silahlı hücum olub [Fotoqalereya]

Ədliyyə Nazirliyinin polisin irqi ayrı-seçkiliyə yol verdiyinə dair ittihamına görə Ferquson şəhər polis rəisinin istefa verməsindən bir neçə saat sonra şəhərdə iki polis işçisinə qarşı silahlı hücum olub.

Hadisə bu gün səhər tezdən etirazçıların Ferquson Polis İdarəsinin qarşısına toplaşdığı zaman baş verib. Silahlı hücum zamanı güllə St. Luis mahalı Polis İdarəsinin polisi çiyninə, Vebster Qrovs şəhərinin polis işçisinin isə üzünə dəyib.

St. Luis Polis İdarəsinin rəisi Con Belmar yaralanan polislərin vəziyyətinin çox ağır olduğunu deyib. Belmarın dediyinə görə, onlar yalnız polis əməkdaşları olduqlarına görə güllələnib və hücumçular nümayişçilərin arasında olub.

Şahidlər isə atəşin polis idarəsinin yerləşdiyi küçənin yuxarı təfərindən açıldığını deyir. Hadisədən sonra polis idarəsinin ətrafına çox sayda polis yerləşdirilib.