Amnistiya ilə azadlığa buraxılmış Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli Amerikanın Səsinə müsahibəsində həbs həyatından danışıb, amnistiyaya münasibət bildirib.
Fərəc Kərimli və onun bitərəf qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik dövriyyəsi ittihamı ilə həbs edilib. F.Kərimli 6,5 il, S.Kərimli isə 6 il müddərtinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
S.Kərimli 17 mart 2016-cı ildə əvf olunub.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Bu gün amnistiya ilə azadlığa buraxılıbsınız. Münasibətiniz necədir?
Azadlıqda olmaq, dostların yanında olmaq xoş bir şeydir.
Fərəc Kərimli: Azadlıqda olmaq, dostların yanında olmaq xoş bir şeydir. Bununla yanaşı, həbsdə dostlarımız qalıb, adam özünü tam azad hiss edə bilmir. Amnistiyanın icrasını həbsxanada gözlərimlə görmüşəm. Bu amnistiya deyil, alverdir. Deyirlər amnistiyaya düşən 3500 adam azadlığa buraxılıb. O da saxta bir rəqəmdir, heç 3500 ola bilməz. Mənim olduğum cəzaçəkmə müəssisəsində amnistiyaya düşən çox az adam var idi ki, həbs müddətinə bir il qalmışdı, qalanı 2-3 ay qalmışlar idi. Əksəriyyəti də alver yolu ilə, buna amnistiya demək olmaz.
Amerikanın Səsi: Saxlandığınız cəzaçəkmə müəssisəsində davranış qaydaları necədir? Siz ekoloji cəhətdən ən ağır şəraiti olan cəzaçəkmə müəssisəsində (14 saylı Cəzaçəkmə Müəssisəsi) saxlanılırdınız.
Fərəc Kərimli: Saxlanma şəraiti çox ağırdır. Həddindən artıq toz var, anti-sanitariyadır. Zonun (cəzaçəkmə müəssisəsi) ətrafı bütövlükdə daş karxanalarıdır. Amma bizə qarşı, şəxsən özümə qarşı əməkdaşların münasibəti çox normaldır, çox hörmətlə idi, yəni heç bir təzyiq hiss etməmişəm. Əkisnə, istər dustaqlar, istərsə də əməkdaşlar tərəfindən hörmətlə yanaşılıb.
Amerikanın Səsi: Həbsxanadan cəmiyyət, münasibətlər sistemi necə görünür?
Həbsxanalarda həddindən artıq gənclər var, narkomandır, oğurluqla, soyğunçuluqla tutulub. Baxırsan, demək olar ki, 90 faiz gənclərdir.
Fərəc Kərimli: Həbsxanaya düşəndən sonra digər siyasi məhbus yoldaşalrımızla söhbət edirdik, cəmiyyət çox təhlükəli görünür. Həbsxanalarda həddindən artıq gənclər var, narkomandır, oğurluqla, soyğunçuluqla tutulub. Baxırsan, demək olar ki, 90 faiz gənclərdir. Ona görə, cəmiyyət heç də yaxşı görsənmir.
Amerikanın Səsi: Sizə qarşı ittihamı necə qiymətləndirərdiniz?
Fərəc Kərimli: Mənə qarşı ittiham qondarmadır, hakimiyyətin sifarişi ilə idi. Saxta ittiham kimi, şər-böhtan kimi qiymətləndirirəm.
Amerikanın Səsi: Bundan sonra fəaliyyətinizi necə davam etdirəcəksiniz?
Fərəc Kərimli: Bundan sonra Müsavat Partiyasında fəaliyyətimi davam etdirəcəm. Əvvəlkindən daha güclü fəaliyyətim olacaq.
Amerikanın Səsi: İttihamla bağlı, məhkəmənin hökmü ilə bağlı Avropa Məhkəməsinə müraciət edibsiniz?
Fərəc Kərimli: Bəli, etmişəm. Artıq, vəkilim sənədləri göndərib.
Amerikanın Səsi: Cəmiyyətə sözünüz varmı?
Fərəc Kərimli: Mübariz olsunlar, bu rejimlə barışmaq olmaz. Azərbaycanda demokratik bir cəmiyyət qurmaq lazımdır.
Müəlliflərdən: Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində saxlanan bütün şəxslərə qarşı münasibətin qanunvericilik əsasında tənzimləndiyini, amnistiyanın Milli Məclisin qərarına uyğun həyəta keçirildiyini bildirir. Amnistiya zamanı qanunun pozulması halları ilə bağlı isə nə Penitensiar Xidmətə və nə də digər hüquq-mühafizə orqanlarına hər hansı şikayət daxil olmayıb.