İsrailin baş naziri Benyamin Netanyahu fələstinli olduğu güman edilən gəncin qətli ilə bağlı təcili istintaq aparılmasına çağırıb. Həmin gəncin qətlinin daha əvvəl öldürülən 3 israillinin qısası olduğuna inanılır.
Səlahiyyətli nümayəndələr bu gün səhər tezdən fələstinli gəncin Qüdsün ərəb məhəlləsində maşına zorla mindirildiyini və az sonra şəhərin başqa bir bölgəsində onun cəsədinin aşkar edildiyini bildirib.
Gəncin cəsədi tapıldıqdan sonra yüzlərlə fələstinli Qüdsdə etiraz aksiyası keçirib. Nümayişçilərin təhlükəsizlik qüvvələrini daşa basmasından sonra qarşıdurma yaranıb. Əsgərlər nümayişilərə qarşı rezin güllələrdən istifadə edib.
Netanyahu qətlin arxasında duranların aşkar edilməsinə çağırıb. Fələstin prezidenti Mahmud Abbas İsrailin baş nazirindən qətlin qınanılmasını istəyib.