Moqerini: Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə iki ölkə üçün yox, bütün region üçün faydalı ola bilər

Aprelin 4-də Avropa İttifaqının xarici işlər komissarı ümid etdiyini bildirib ki, “inşaallah çox tezliklə” Avropa İttifaqı və Azərbaycan arasında yeni ticari və siyasi razılaşmanın hazırlığı başa çatdırılacaq.

Avropa İttifaqının media platforması olan Euractiv saytı yazır ki, hazırda Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər 1999-cu ildən bəri qüvvədə olan Partnyorluq və Əməkdaşlıq Sazişinə əsaslanır.

Euractiv yazır ki, 2017-ci ildən yeni saziş çərçivəsi barədə danışıqlara başlanıb. Danışıqların yekunlaşmasına az qalıb, lakin həllini tapmayan bəzi məsələlər qalır.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə yüksək nümayəndəsi Federika Moqerini deyib ki, Brüssel və Bakı “yeni ambisiyalı ikitərəfli sazişə” dair danışıqların “yekun və həlleci mərhələsindədir”.

Euractiv xatırladır ki, Avropa İttifaqı ilə assosiasiya, habelə “dərin və hərtərəfli azad ticarət” sazişləri imzalamış Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycan Brüssellə ticarətə dair bir sıra məqamlarda mövqeyini yaxınlaşdıra bilməyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu məqamları “texniki məsələlər” adlandırıb, lakin qeyd edib ki, Bakı danışıqlarda tam açıqlıq nümayiş etdirir.

Euractiv saytı Moqerini və Məmmədyarovdan daha spesifik danışmağı xahiş etsə də, Avropa komissarı deyib ki, “danışıqların qızıl qaydası təfərrüatlar barədə açıq şərhlər verməməkdir”.

Moqerini Euractiv müxbirlərinin bu barədə sualına cavab olaraq deyib: “O yerdə ki, güclü siyasi iradə var, qalan məsələlər reallaşa bilər, odur ki, inşaallah biz bu məqsədə çata bilərik”.

Mətbuat üçün çıxışında xanım Moqerini habelə son zamanlar Azərbaycan və Ermənistan arasında təmasların artması məsələsinə toxunub və bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli təkcə iki ölkə üçün yox, bütün region üçün faydalı ola bilər.

Federika Moqerini deyib ki, o, Elmar Məmmədyarovla həm də Azərbaycanda demokratiyanın, qanunun alililiyinin və insan haqlarının vəziyyətini müzakirə edib.

Avropa komissarı deyib ki, “biz Azərbaycanda vətəndaş cəmiyyətinin və insan haqları müdafiəçilərinin hərəkət məkanının hələ də məhdud olaraq qaldığını müşahidə edirik, lakin prezident İlham Əliyevin “siyasi məhbusları” əfv etməsini alqışlayırıq”.