Fazil Mustafa: Bahalığın sıxıntısını xalq çəkir

Deputat Fazil Mustafa

“Son zamanlar bazarlarda kənd təsərrüfatı məhsullarının bahalaşmasının müxtəlif səbəbləri ola bilər”.

Bunu deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, burada inhisarçlığın rolu istisna olunmamalıdır.

Fazil Mustafanın bildirdiyinə görə, daha bir səbəb isə ixracın artması ola bilər:

“Amma istənilən halda belə məsələləri müstəqil ekspertlər şərh etməlidir və səbəblərə aydınlıq gətirilməlidir”.

Deputat hesab edir ki, qiymətlər artanda daha çox sıxıntını vətəndaş yaşayır.

“Şəhriyar kimi insanlar milli brenddir”

Fazil Mustafa ölkə mediasında gündəmdə olan şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, qrossmeyster Şəhriyar Məmmədyarovun sponsor tapa bilməməsi barədə açıqlamasına (Şəhriyar Məmmədov son açıqlamasında problemin yoluna qoyulduğunu bildirib) da münasibət bildirib.

“Mən inanmıram ki, dünya ilə bir hörməti olan şahmatçı yalan danışsın. Birdən birə nə oldu ki, belə top idmançı yalan desin, bu mümkün deyil”, deyə deputat vurğulayıb.

Fazil Mustafa daha sonra əlavə edib:

“Şəhriyar kimi şəxslər millətin brendidir. Necə olur ki, mənasız işlərə pul tapılır, amma belə bir idmançı üçün pul tapılmır”.

Fazil Mustafanın bildirdiyinə görə, bir fənn üzrə olimpiada qalibi nazirliklərin birindən kömək istəyib. Amma ona “pul tapılmayıb”.

Deputat hesab edir ki, belə məsələlərdə astagəllik nəticəsində uduzan millət olur:

“Çünki, dünya miqyasına çıxan insan artıq özünü yox, milləti, dövləti təmsil edir...”