Faxtə Zamani: 'İran hökuməti artıq azərbaycanlıların problemlərini diqqətsiz qoya bilmir' (Audio)

İranda prezident seçkilərinin qalibi mötədil din xadimi Həsən Ruhani oldu. Özünün ilk mətbuat konfransında Həsən Ruhani iranlılara yeni dövrün başlanacağını deyib və daha mötədil yeni kurs götürəcəyinə söz verib. Həsən Ruhani seçki kampaniyası zamanı İranda yaşayan etnik azlıqların problemləri, o cümlədən azərbaycanlıların dil və mədəni problemləri, Urmiyə gölünün quruması kimi məsələlərə diqqət verəcəyini bəyan edib. Bütün bunlar İranda yaşayan Azərbaycan türkləri üçün nə demək ola bilər?

Norveçdə yaşayan azərbaycanlı insan hüquqları fəalı Faxtə Zamani Amerikanın Səsinə müsahibədə azərbaycanlıların İranda yeni prezident seçilmiş Həsən Ruhani və onun hökumətindən ümidləri və gözləntilərini şərh edib.

Your browser doesn’t support HTML5

Faxtə Zamani ilə müsahibə



Faxtə Zamani Həsən Ruhaninin prezident seçki kampaniyası zamanı etnik azlıqların ana dilində təhsilinə dəstəyini bildirməsini və Urmiyə gölünün ekoloji probleminin həll ediləcəyinə söz verməsini qeyd edib. Hüquq müdafiəçisi deyib ki, əvvəlki kampaniyalardan fərqli olaraq bu, ilk dəfə idi ki İran prezidentliyinə namizədin azərbaycanlıların dil hüquqlarına və Azərbaycan dilində məktəb açılmasına dəstək verirdi. Faxtə Zamani deyib ki, azərbaycanlıların böyük sayda olmasa da, amma səsvermədə iştirakını yəqin ki bununla izah etmək mümkündür. Onun sözlərinə görə, bu sözlərdən sonra İran Azəbaycanının demək olar hər yerində kampaniyalar başlayıb “Qadınların əllərində “Türk dilində mədrəsə” və “Məhbuslar azad edilsin” kimi şüarlarla çıxış etməsi kimi azərbaycanlıların kampaniyaya başladığını, insanların mobilizə olduğunu göstərir. Onlar yeni prezidentdən verilən vədlərə əməl edilməsini istəyirlər”-deyə o, Amerikanın Səsinə bildirib.

Faxtə Zamani prezidentliyə namizədin ilk dəfə olaraq seçki kampaniyası zamanı azərbaycanlıların problemlərini gündəmə gətirməsinin əsas səbəbini son dövrdə onların siyasi fəallığı ilə əlaqələndirib. Onun sözlərinə görə, bu, İran hökumətinə azərbaycanlıların öz problemlərini diqqəti mərkəzində saxladığını göstərib. “Kərrubi və Musəvinin kampaniyası dövrü azərbaycanlılar ayağa qalxmadılar. Bu dövlətə göstərdi ki, onlar indi daha öz problemlərinə diqqət verirlər və əgər prezidentliyə namizəd onların məsələlərinə diqqət vermirsə, onlar da dövlətin heç bir işində, prezident seçkilərində iştirak etmir”-deyə Faxtə Zamani vurğulayıb.

O burada iqtisadi faktorun təsirinə də toxunub. Faxtə Zamani ABŞ və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar nəticəsində İran iqtisadiyyatının zəiflədiyini və İran hökumətinin hazırkı iqtisadi şəraitdə azərbaycanlıların məsələlərini artıq diqqətən kənarda qoya bilmədiyini qeyd edib.

Faxtə Zamani keçmiş prezident Məhəmməd Xatəmi və prezidentlik müddəti bitmiş Mahmud Əhdmənijeadın hakimiyyəti dövrü azərbaycanlıların ciddi təzyiqlər və basqılarla qarşılaşdığını deyib. O, İran azərbaycanlılarınınn öz mədəni hüquqları uğrunda mübarizəsini tamamilə normal şəraitdə yenə də apara bilməcəyini də, ümumi şəraitin bir qədər dəyişə biləcəyinə ümidlərin olduğunu bildirib. Hüquq müdafiəçisi prezidentə təqdim edilmək üçün petisiya kampaniyasının aparıldığını, universitetlərdə bağlanmış dərgilərin açıla bilməsinin mümkünlüyünü qeyd edib.

Faxtə Zamani Azərbaycan türklərinin seçdiyi qeyri-zorakı mübarizə yolunu davam etdirəcəyini və bu yolda nailiyyətlər əldə edəcəyinə inandığını bildirib. Hüquq müdafiəçisi İran hökumətinin illərdir fərqli düşünən insanlara qarşı ciddi təqib kampaniyası apardığını qeyd edib və indi həbslər və edamların azalacağına hələlik bir işarə görmədiyini deyib. O bildirib ki, növbəti həftələr İranın yeni liderinin verəcəyi mesajlardan hökumətin siyasətində dəyişikliklərin olub-olmayacağını müəyyən etmək mümkün olacaq və bu isə öz növbəsində, İranda Azərbaycan türklərinin istəkləri və arzularının həyata keçməsi üçün mübarizədə öz əksini tapacaq.