Fəallar Suriyada Bəəs partiyası qərargahına hücum edildiyini xəbər verirlər

  • Amerikanın səsi

Fəallar Suriyada Bəəs partiyası qərargahına hücum edildiyini xəbər verirlər

Suriyalı fəallar deyirlər ki, Dəməşqdə yerləşən Bəəs partiyasının baş qərargahına qumbaraatanlardan atəş açılıb. Lokal Koordinasiya Komitələrinin təmsilçiləri və Dəməşq sakinləri şəhərin mərkəzində bir neçə partlayış səsləri eşitdiklərini xəbər veriblər. Qonşu Türkiyədə qərargahlanan Azad Suriya Ordusu hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
Daxil olan məlumatlar müstəqil mənbələr tərəfindən təsdiq olunmayıb.

İnsident Ərəb Liqasının Dəməşqə qan-qadaya son qoymaq üçün verdiyi möhlət bitdikdən bir neçə saat sonra baş verib. Suriya hökuməti əvvəl razılaşdıldığı kimi ölkədəki situasiyaya nəzarət etmək üçün 500 müstəqil müşahidəçinin göndərilməsi barədə plana dəyişikliklər təklif etmişdi. Liqa Dəməşqin müşahidəçilərin mandatını radikal şəkildə dəyişmək cəhdini rədd edib.

Suriya prezidenti Bəşar əl-Əsəd beynəlxaq təzyiqlərə boyun əyməcəyəini bəyan edib. Britaniyanın Sunday Times qəzetinə müsahibə verən Əsəd fevral və ya mart ayında yeni konstitutsiyanın yazılması üçün parlament seçkilərinə çağırıb. Lakin prezident “militant”lara qarşı mübarizəni davam etdirəcəyini bildirib. O, həmçinin xarici müdaxilənin Yaxın Şərqi silkələyəcəyi barədə xəbərdarlığı bir daha təkrarlayıb.