Vəkil: Faiq Əmirlinin səhhətindəki problem ciddi narahatlığa əsas verir

Faiq Əmirli

“Faiq Əmirlinin səhhətindəki problem ciddi narahatlığa əsas verir, çünki problem qalmaqdadır”. Bu barədə Amerikanın Səsinə vəkil Aqil Layıcov bildirib.

Vəkil deyib ki, F.Əmirlinin mədəsində problem var və bu problem onun çəki itirməsinə səbəb olub: “Bu adam xəstədir, hələ azadlıqda olanda mədəsilə bağlı dövlət klinikasında, başqa bir klinikada da müalicə alıb və bununla bağlı faktlar var, odur ki, bu adam həbsdə saxlana bilməz”.

A.Layıcov deyib ki, F.Əmirliyə qarşı ittihamların saxta olmasını bu ittihamı irəli sürənlər özləri də yaxşı bilirlər, amma indi söhbət bu ittihamların hətta haqsız olmasından da getmir: “F.Əmirlinin sağlamlığı müzakirə edilir, bu adamın sağlamlığı və gələcək durumu təhlükə altındadır. Mən düşünmürəm ki, Kürdəxanı təcridxanasında elə texnoloji avadanlıqlar var ki, onlar vasitəsilə hüquqlarını müdafiə etdiyim şəxsin səhhətində müsbət nəyəsə nail olmaq olar”.

Vəkil hesab edir ki, burada çıxış yolu ən azı F.Əmirli barədə həbs qətimkan tədbirini dəyişdirməkdədir. Onun firkincə, F.Əmirli sərbəst buraxılmaqla da istintaq davam edə bilər.

“F.Əmirli harayasa qaçacaq şəxs deyil, qaçmağa yeri də yoxdur, odur ki, istintaq həbssiz davam etdirilməlidir. Halbuki, F.Əmirliyə qarşı ittihamlar özü əsassızdır”.

“Azadlıq” qəzetinin maliyyə direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi F.Əmirli avqustun 20-də saxlanılıb. O, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Fəala qarşı Cinayət Məcəlləsinin 283.2-ci (milli, irqi, dini düşmənçilik salma) maddəsi ilə ittiham irəli sürülüb.

Avqustun 22-də isə əlavə olaraq 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ittiham verilib. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edir.

AXCP bəyanat yayaraq ittihamları uydurma, həbsi isə siyasi sifariş adlandırıb. Bəyanatda deyilir ki, həbsin məqsədi “Azadlıq” qəzetinin yayımına mane olmaqdır. F.Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin nəşri dayanıb.