Facebook rəhbəri: Rusiya trol fermalarının hesablarını bağlayırıq

Facebook şirkətinin banisi və hazırkı rəhbəri Mark Zuckerberg Rusiya kəşfiyyat agentliklərinin dünya boyu demokratik seçkilərə müdaxiləsinin qarşısını almaq üçün tədbirlər görüldüyünü elan edib.

Öz Facebook hesabında yazdığı mesajda Zuckerberg İnternet Tədqiqatlar Agentliyi adı altında fəaliyyət göstərən quruma məxsus 270 səhifə və hesabın qapadıldığını elan edib

Bu səhifələr və hesablar Rusiyada yaşayan və Rusiyanın qonşuluğundakı Azərbaycan, Özbəkistan və Ukrayna kimi ölkələrdə rusdilli əhalini hədəf almaq üçün istifadə edilirdi.

“Biz müəyyən etdik ki, İnternet Tədqiqatlar Agentliyi (Rusiyanın troll fabriki) insanları yanıltmaq üçün saxta hesablardan ibarət mürəkkəb şəbəkələrdən istifadə edir. İnsanların və hökümətlərin Facebook vasitəsilə siyasi baxışlarını paylaşdıqlarına hörmət etməyimizə baxmayaraq, biz bunun saxta hesablar vasitəsilə edilməsinə imkan verə bilmərik. Hər hansı təşkilat bunu mütəmadi şəkildə edirsə, biz onların bütün səhifələrini, hətta saxta olmayanlar səhifələri silirik. Bugün silinən səhifələr haqqında qərarımızı onların paylaşdığı məzmuna görə deyil, İnternet Tədqiqatlar Agentliyi ilə əlaqələrinə görə vermişik.”

Qapadılan səhifələr arasında Azərbaycan auditoriyasını qeyd edən Zuckerberg rus kəşfiyyat orqanlarının mürəkkəb şəbəkələr və saxta hesablar vasitəsilə insanları azdırmağa çalışdıqlarını vurğulayıb.

Sankt-Peterburqdakı trol fermasının baş qərargahı.

“Bu səhifələr və hesablar Rusiyada yaşayan və Rusiyanın qonşuluğundakı Azərbaycan, Özbəkistan və Ukrayna kimi ölkələrdə rusdilli əhalini hədəf almaq üçün istifadə edilirdi. Bu halda, bizim sildiyimiz səhifələrin bəziləri İnternet Tədqiqatlar Agentliyi tərəfindən idarə edilən Rusiya xəbər agentliyinə məxsus idi. Təxminən bir milyona yaxın insan bu Facebook səhifələrinin və təxminən 500,000 insan onların Instagram hesablarının azı birini izləyirdi. Növbəti həftələrdə biz sizlər üçün İnternet Tədqiqatlar Agentliyinin idarə etdiyi hesabları izləyib-izləmədiyinizi müəyyən etmək üçün alət təqdim edəcəyik,” Zueckerberg yazıb.

Facebook rəhbəri ictimaiyyəti əmin edib ki, seçkilərin bütövlüyünüə kölgə salmaq istəyən qüvvələrlə mübarizə davam edəcək.

Xüsusi nümayəndə Robert Müller cümə günü Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə əlaqədar əsaslı iddiaları əhatə edən ittihamnamə irəli sürüb.

37 səhifəlik ittihamnamədə bildirilir ki, ruslar 2014-cü ildən başlayaraq saxta sosial media postları və reklamlarından istifadə edərək ictimaiyyətdə Donald Trampın lehinə rəy yaratmağa çalışıblar.

"Müttəhimlər namizədlərə və ümumi siyasi sistemə inamsızlıq yaratmaq məqsədilə ABŞ-a qarşı informasiya müharibəsi başlatmaqda ittiham olnurlar,” deyə Baş Prokuror müavini Rod J. Rozensteyn bildirib.

İtiham olunanlardan 12-si Moskva lehinə əhəmiyyətli əməliyyatlar həyata keçirən və Rusiya şirkəti sayılan İnternet Araşdırma Agentliyinin işçiləridir.

Onlara qarşı Amerikanın siyasi prosesləri və seçkilərinə müdaxilə, konspirasiya, bank və pulköçürmə fırıldaqçılığı, habelə şəxsi məlumatların oğurlanması ittihamları irəli sürülüb.

Ancaq ittihamnamədə Tramp kampaniyasının rəsmilərindən heç kim layihəyə qoşulmaqda günahlandırılmayıb.

"İttihamnamədə qanunsuz layihədə iştirak edən hər hansı bir amerikalıya qarşı ittiham irəli sürülməyib. Həmçinin bu fəaliyyətin 2016-cı il seçkilərinin nəticələrini dəyişdirdiyinə dair bir iddia yoxdur,” deyə Rod J. Rozensteyn əlavə edib.

Öz növbəsində isə Donald Tramp istintaqı “fırıldaq” və siyasi rəqiblərinin başçılıq etdiyi “ifritə ovu” adlandırıb. O, həmçinin dəfələrlə Rusiyanın seçkilərə müdaxilə etməsini iddialarını da təkzib edib.