Eynulla Fətullayev: Azərbaycanda siyasi həyat sanki istefadadır

Eynulla Fətullayev: Azərbaycanda siyasi həyat sanki istefadadır

Jurnalist Avropa Məhkəməsinin qərarında nəzərdə tutulan 27 min avronu alıb. Hüquq Müdafiəçisi Amnesty İnternational təşkilatını Cabbar Savalanlının hüquqlarının daha fəal müdafiəsinə çağırıb. “Mənim azadlığım üçün etdiklərinizin yarısını Cabbar Savalanlı üçün edin, o, azadlıqda olacaq”.

Keçmiş vicdan məhbusu Eynulla Fətullayev bu günlərdə təsis etdiyi “İnsan Haqları Uğrunda” Hərəkatın ofisində mətbuat konfransı keçirib.

O, Avropa Məhkəməsinin qərarı ilə nəzərdə tutulan 27 min avro maliyyə təzminatının bu gün icra edildiyini və pulu aldığını deyib.

Cənab Fətullayev “İnsan Haqları Uğrunda” Hərəkatın ictimai əlaqələr, siyasi məhbus və hüquq departamentləri yaradıldığını bildirib. “İctimai prosesin canlandırılması nəzərdə tutulur. Hazırda, ölkənin ictimai-siyasi həyatında fəallıq yoxdur, sanki siyasi həyat istefadadır”.
O Azərbaycanda siyasi məhbus məsələsi üzrə Avropa Şurasının məruzəçisi Kristofer Ştrasserin iştirakı ilə bu il noyabrın 4-də Bakıda “Azərbaycanda insan haqları: bu gün” mövzusunda beynəlxalq konfrans keçirməyi nəzərdə tutduğunu deyib. Avqustun sonunadək konfransın gündəliyi ilə bağlı sənədlər Avropa Şurası katibliyinə göndərilməlidir”.
Bununla yanaşı, səfər zamanı cənab Ştrasserin siyasi məhbusların ailə üzvləri və vəkilləri ilə görüşləri də gözlənilir. Belə ki, bu görüşlər nəticəsində o, Azərbaycanda siyasi məhbus probleminə dair hesabat hazırlayıb, AŞPA-nın qış sessiyasına təqdim etməyi nəzərdə tutur. Onun fikrincə, rəsmi Bakının K.Ştrasserin gəlişinə mane olmaq istəməsi ciddi beynəlxalq qalmaqallara yol aça bilər.
Eyni zamanda, İnsan Haqları Uğrunda Hərəkat İnsan Haqları Klubu ilə ölkə həbsxanalarında tədqiqat aparacaq. “Bunun üçün Penitensiar Xidmət rəhbərliyinin razılığı alınıb. Hər bir həbsxana monitorinq edildikdən sonra, qrup həbsxanadakı durumla bağlı mətbuata açıqlama verəcək”.
Hüquq Müdafiəçisi Amnesty İnternational təşkilatını Cabbar Savalanlının hüquqlarının daha fəal müdafiəsinə çağırıb. “Mənim azadlığım üçün etdiklərinizin yarısını Cabbar Savalanlı üçün edin, o, azadlıqda olacaq”. Cənab Fətullayev Cabbar Savalanlının azadlığı üçün ölkənin tanınmış aktyor, aktrisa və müğənnilərinin də dövlət başçısına müraciətini təşkil etməyi nəzərdə tutur.