Ekspertlər Rusiya üzərinə sanksiyaların Azərbaycan üçün riskləri barədə

Manat

Qərbin Rusiyaya sanksiyalarının, bu ölkə ilə müxtəlif istiqamətdə iqtisadi tərəfdaş olan Azərbaycana hansı təsirləri olacaq? Bloomberg agentliyi yazır ki, Ukraynaya hücum olan gün Rusiya milyarderləri 39 milyard dollar itiriblər.

ABŞ prezidenti Co Bayden fevralın 24-də deyib ki, Rusiyanın iqtisadi vəziyyəti daha da pisləşəcək. Qərb Rusiyanın dollar, avro, funt və yenə çıxışını məhdudlaşdıracaq ki, dünya iqtisadiyyatının tərkibi ola bilməsin.

“Bu gün mən Rusiyaya ixracla bağlı əlavə və daha güclü sanksiyalar və məhdudiyyətlərə qərar verdim. Bu, ABŞ iqtisadiyyatına baha başa gələcək. Bunun həm dərhal, həm də tədricən təsirləri olacaq. Biz bu sanksiyaları məqsədli şəkildə elə müəyyənləşdirmişik ki, Rusiyanın üzərində uzunmüddətli təsirləri olsun, ABŞ və onun müttəfiqləri üzərində təsirləri isə az olsun”.

Bu proseslərin Azərbaycana mümkün təsirindən danışarkən, təhlilçilərin üzərində dayandığı məqamlardan biri də Rusiya rublunun dəyərdən düşməsidir. Belə ki, Rusiyada qeyri-rəsmi rəqəmlərə görə, iki milyona qədər azərbaycanlı miqrant yaşayır.

Rubl aktivləri

Azərbaycan Mərkəzi Bankından "Turan"a verilən məlumatına görə ötən ilin ilk 6 ay ərzində fiziki şəxslər Rusiyadan Azərbaycana 120 milyon dollara yaxın vəsait köçürüb. Bu, ötən dövrlə müqayisədə təqribən 26 faiz çoxdur.

Reuters yazır ki, Rusiya rublu isə fevralın 24-də, müharibə başlayan gün 7 daiz dəyər itirib. Rusiya milli valyutasında həm də dövlətin yatırımı var.

Azərbaycan Dövlət Neft Fondunun saytındakı məlumatına görə, aktivlərinin 0.7 faizi rubldadır. Şirkət Moskvada 133 milyon dollarlıq “Qalereya Aktyor” ticarət mərkəzinə yatırım edib.

Qubad İbadoğlu hesab edir ki, Neft Fondu bu vəsaitləri geri çəkməlidir, çünki bu gedişlə Rusiya iqtisadiyyatı batacaq.

Neft Fondu bununla bağlı AzadlıqRadiosunun sorğusunu cavabsız qoyub.

Amma Rusiya rublu ucuzlaşdığı üçün təbii olaraq bu, idxalçıların xeyrinə ola, Rusiyadan Azərbaycana satılan malların miqdarı arta bilər.

Riskli maliyyə

İqtisadi təhlilçi Qubad İbadoğlu isə deyir ki, başqa bir məqam odur ki, Azərbaycanla Rusiya arasında bank əməliyyatları arta bilər:

“İnteqrasiya güclənəcək. Amma bundan da böyük uduşlar gözləmirəm. Sanksiyalardan sonra Rusiya ilə maliyə əməliyyatları aparmaq özü riskli əməliyyatlar siyahısına daxil olacaq və Azərbaycan sahibkarları, bankirləri və Rusiyada sərmayəsi, depoziti, qiymətli kağızları, borc kağızları olanlar bundan ziyan çəkə bilər”.

Rusiyaya tətbiq olunacaq sanksiyaların Azərbaycana müsbət təsirləri də mümkündür. Qubad İbadoğlu deyir ki, bu tədbirlər Avropada qazın qiymətini qaldıra və Azərbaycanın gəlirlərini artıra bilər.

Hazırda Azərbaycan Avropanın qaza olan tələbatının 2 faizini təmin edir.

Mərkəzi Vaşinqtonda yerləşən Eurasiagroup analitika mərkəzinin region üzrə təhlilçisi Zak Vitlin deyir ki, fevralın 22-də imzalanan və Rusiya ilə Azərbaycan arasında müttəfiqlik nəzərdə tutan Moskva bəyannaməsi Rusiyanın Azərbaycandan gözləntisini artıra bilər:

“İndiyə qədər Azərbaycanın Avropaya qaz satışını Rusiya özünə təhlükə kimi görmürdü. Amma sanksiyalar və yeni geopolitoloji vəziyyətdə Rusiyanın qaz satışı həcmi azala bilər və bu zaman Rusiyanın Azərbaycanı rəqib görüb-görməyəcəyini proqnozlaşdırmaq çətindir. Ümumilikdə hesab edirəm ki, yeni vəziyyətdə Bakının vəziyyəti daha da çətin olacaq”.

Fevralın 24-də Avropa İttifaqı liderləri Rusiyaya, Ukraynaya hücumundan sonra ağır sanksiyalar qoyduğunu bildirib. Avropa Komissiyası isə fevralın 25-də sanksiyaların davam edəcəyini deyib.