Azərbaycan bayrağı planetin ən yüksək zirvəsində - 8848 metr

Azərbaycan bayrağı Everestdə

Azərbaycan alpinisti Murad Aşurlı Everestə qalxıb
9 may 2013-ci ildə Nepal vaxtı ilə səhər saat 6.30-da Azərbaycan alpinisti Murad Aşurlı beynəlxalq komandanın heyətində planetin ən uca zirvəsinə - Everestə qalxıb və Azərbaycan bayrağını yüksəldib. Bu barədə Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Hündürlüyü 8848 metr olan dağın fəthi şimal tərəfindən klassik marşrut üzrə həyata keçirilib (Tibet, Çin).

Saat 00.15-da hava şəraitinin yaxşılaşmasından istifadə edərək alpinistlər düşərgələri tərk edib, 8300 metr yüksəklikdə yerləşən zirvəyə üz tutublar. Sübh düşənə qədər komanda zirvəyə çatıb. Həmin gün alpinistlər 6400 metr hündürlüyündə yerləşən baza düşərgəsinə eniblər, enişə təxminən 14 saat sərf ediblər.

Azərbaycan Alpinizm Federasiyasının rəhbərliyi ilə telefon danışığında Murad bildirib ki, çox şiddətli külək olub, bu da yüksəlişdə və enişdə ciddi çətinliklər yaradıb.

Azərbaycan Alpinizm Federasiyasının üzvü Murad Aşurlı hazırda ABŞ-da yaşayır və işləyir. AAF-ın və “American Alpine Club”un üzvüdür. Son on ildə Murad Avropanın, Şimali və Cənubi Amerikanın ən hündür zirvələrini müvəffəqiyyətlə fəth edib. Bunlar Mak-Kinli, Elbrus, Akonkaqua, həmçinin Qafqaz dağlarında, Pamirdə, Andda, Mərkəzi və Şimali Amerikada yürüşlər edib.

19 may 2007-ci ildə digər azərbaycanlı İsrafil Aşurlu planetin ən uca zirvəsini fəth edib. Altı il sonra elə həmin gün İsrafilin əmisi oğlu - Murad Azərbaycanın Milli Bayrağını planetin ən yüksək nöqtəsi üzərində bir daha dalğalandırıb.

Digər azərbaycanlı, milli komandanın üzvü İsmayıl Əsgərov 2011-ci ildə zirvənin fəthinə çox yaxın idi, lakin güclü külək səbəbindən, o 8600 metr hündürlüyündə geri çəkilməyə məcbur olub.

Azərbaycan bayrağı Everest üzərində ilk dəfə 1999-cu ildə Azərbaycan alpinisti Saridan Mursaqulovun da daxil olduğu beynəlxalq ekspedisiya üzvləri tərəfindən dalğalandırılıb.