Eurovision müsabiqəsi zamanı terror törətmək istəyən qrupun məhkəməsi başlayıb

Terrorçu

Məhkəmə qarşısına ittiham edilən 40 nəfərdən 4 nəfər çıxarılıb. Digər qrupların prosesləri başqa məhkəmələrdə keçirilir
Bakı Ağır Cinayətlər üzrə məhkəmədə 2012-ci ilin mayında Eurovision mahnı müsabiqəsi Bakıda keçirilən zaman terror aktları hazırlamaqda ittiham edilən bir qrup Azərbaycan vətəndaşının məhkəməsi başlayıb.

Məhkəmə mühakiməsinə Rəcəb Abbasov, Afiq Allahverdiyev, Kamal Yaqubov və Rəşad Şahbazov çıxarılıb. Onlara qarşı dövlətə xəyanət, terrorçu qrup yaratmaq, qaçaqmalçılıq, qanunsuz silah saxlamaq ittihamları irəli sürülüb.

Növbəti proses noyabrın 19-na təyin edilib.

Xatırladaq ki, Milli Təhlükəsizlik nazirliyi may ayının sonlarında prezident İlham Əliyevə sui-qəsd və “Eurovision” müsabiqəsi zamanı terror törətmək istəyən bir qrup silahlı şəxsi ifşa etməsi haqda bəyanat yaymışdı.

Məlumatda qrupun üzvü olan 40 nəfərin saxlandığı, onun başçısı Vüqar Padarovun (Gəncədə əməliyyat zamanı öldürülüb) və qrupun üzvü Timur Həsənovun (Bakıda öldürülüb) məhv edildiyi bildirilib.

İstintaqın nəticəsinə görə, qrup prezident İlham Əliyevə aprelin əvvəlində ölkənin şimal-qərb regionuna səfəri zamanı sui-qəsd etməyi planlaşdırıb. Bundan əlavə, qrup üzvləri “Hilton Baku”, “Marriot Hotel Absheron” otellərində, habelə, “Eurovision”un konsertləri keçirilən “Baku Crystal Hall” kompleksində partlayışlar törətmək və silahlı basqın etmək niyyətində olub.

Qeyd edək ki, bu iş üzrə müttəhimlər üzərində məhkəmə prosesi ayrı-ayrı qruplar halında və qapalı keçirilir.

Bundan əvvəl isə daha bir qrup üzərində məhkəmə prosesi Şəki rayon məhkəməsində başlayıb.