Aİ Rusiyanı Qazaxıstanın suverenliyinə hörmət etməyə çağırıb

Avropa İttifaqı cümə axşamı Rusiyanı iğtişaşları yatırmaq üçün Qazaxıstana hava-desant qüvvələri göndərməsi fonunda Qazaxıstanın suverenliyinə və müstəqilliyinə hörmət etməyə çağırıb.
Avropa Komissiyası həmçinin bütün tərəfləri təmkinli olmağa çağırıb.

“Zorakılığa son qoyulmalıdır. Biz həmçinin bütün tərəfləri təmkinli olmağa və vəziyyəti sülh yolu ilə həll etməyə çağırırıq. Təbii ki, Avropa İttifaqı ölkədə dialoqu dəstəkləmək niyyətindədir və buna hazırdır” - deyə, Aİ nümayəndəsi bildirib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyi cümə axşamı səhər saatlarında Rusiya sülhməramlılarının bölmələrinin Qazaxıstanda tapşırıqları yerinə yetirməyə başladığı barədə məlumat yayıb. Sülhməramlılar kimi Rusiya ölkəyə hava-desant qüvvələrinin bölmələrini göndərib.

Çərşənbə günü axşam Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT ölkələrindən hərbi dəstək istəyib. Təşkilatın Kollektiv Təhlükəsizlik Şurasına rəhbərlik edən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, “bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün” Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsinə qərar verilib.

Etirazlar yanvarın 2-də avtomobillər üçün yanacaq kimi istifadə olunan maye qazın qiymətinin iki dəfə artırılmasından sonra başlayıb. Çərşənbə günü etirazçılar siyasi tələblər irəli sürməyə başlayıblar.