Ukraynada müharibə başlayandan bəri Prezident Aleksandr Lukaşenkonun avtoritar hakimiyyəti altında olan Belarus xalqı Rusiyanın müttəfiqi kimi çıxış edib. Bu münasibət ölkədən kənarda olan bir çox belaruslu üçün problemlərə səbəb olub.
2023-cü ildən başlayaraq Tartu Universiteti və Tallin Texnologiya Universiteti Belarusdan olan abituriyentlərin müraciətlərini qəbul etməyəcəklərini bildirib. Estoniyada yerləşən universitet rəsmiləri bildirir ki, buna səbəb Belarusun Rusiya Prezidenti Vladimir Putinə dəstəyidir. Tallin Texnologiya Universitetindən Hendrik Voll: "Universitetin Putin rejiminə sadiq olan rus və belaruslu abituriyentləri fərqləndirmə qabiliyyəti yoxdur".
Lakin belarusluları ölkələrinin Rusiyaya dəstəyinə görə cəzalandıran təkcə Estoniya deyil. Çex Respublikasında da Rusiyadan və Belarusdan bir neçə yüz tələbə var ki, onlar Putin və ya Lukaşenko hökumətlərinə texniki dəstək verə biləcək və əslində zərərsiz olaraq görünən meşə və bağçılıq kimi "mühüm" fənlər üzrə təhsillərini dayandırmaq məcburiyyətində qalıb.
Varşavada yerləşən Belarus Həmrəyliyi Mərkəzinin mətbuat katibi Anton Jukovun sözlərinə görə, bəzi belaruslular tez-tez qara işləri görmək məcburiyyətində qalır və bu, problem olaraq görünür, çünki, bir çox ukraynalı da eyni əmək bazarındadır. "İşə götürənlər çox vaxt iş yerində belaruslularla ukraynalılar arasında münaqişələrin yarana biləcəyindən qorxurlar. Beləliklə, onlar sadəcə olaraq belarusluları işə götürmək istəmir, çünki işləmək istəyən ukraynalılar çoxdur".
Bundan əlavə əmək bazarı və ali məktəblərdən kənarda da belaruslulara təzyiqlər olur.
"Dünən mən sosial şəbəkələrimizdə valideynlərin övladlarının məktəblərdə ayrı-seçkiliyə məruz qaldıqlarını düşünüb-düşünmədikləri ilə bağlı şərh vermələrini xahiş edən bir elan yerləşdirdim. Bir neçə saat ərzində belə hallarla bağlı 40-a yaxın şərh aldım. Çox vaxt məktəblərdə bullinq olur" - deyə, Anton Jukov bildirir.
Ekspertlər işə götürənlərə bütün belaruslular və ya rusların Lukaşenko və Putin hökumətlərini dəstəkləmədiklərini və onların çoxunun qorxduqları üçün ölkələrini tərk etdiklərini xatırladır.
Alberta Universitetinin professoru David Marpls: "Düşünürəm ki, Minskdəki rejimlə həm ölkə daxilində qalan həm də xaricdəki Belarus əhalisi arasında fərq qoymalıyıq. Daxildə onların özlərini ifadə etmək imkanları yoxdur. Xaricdə isə sürgündədirlər. Siz kütləvi nümayişlər keçirən Belarusun yaxın keçmişinə tamamilə laqeyd yanaşırsınız. Seçki nəticələrinə etiraz edən, repressiyalara etiraz edən əhalinin 15-20 faizi bir vaxt küçələrə çıxmışdı. Onlar uğur qazana bilmədi və uğur qazana bilmədiklərinə görə günahlandırılırlar".
Marpls deyir ki, belaruslularla zülm və təqiblərdən xilas olmağa çalışan bütün digər qaçqınlar kimi rəftar etmək lazımdır.