Aİ Çinə Rusiyanın Ukraynaya müdaxiləsinə hərbi dəstək verməsinə qarşı xəbərdarlıq edib

ABŞ Dövlət katibi Antoni Blinken və Aİ-nin Xarici Siyasət üzrə Ali Nümayəndəsi Cozep Borrell. Brüssel. 4 aprel, 2023.

Ukrayna müharibəsində baş verən yeni irəliləyişlər:

  • Ukrayna ordusu bildirib ki, Rusiya gecə 17 İran istehsalı dronla zərbələr endirib, Ukrayna qüvvələri isə onlardan 14-ü məhv edib. Ukrayna bildirir ki, məhv edilən dronlardan 13-ü Odesa bölgəsi üzərində olub.
  • Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi Ukraynanın şimalında Yahidne kəndinin azad edilməsinin ildönümdə kəndi ziyarət edib və 400-ə yaxın müki vətəndaşın 27 gün boyunca rus işğalçılar tərəfindən bir məktəbin zirzəmisində vəhşicəsinə əsir saxlanmasını yad edib.
  • Ağ Ev bazar ertəsi bildirib ki, ABŞ hökuməti Rusiyada casusluq ittihamı ilə saxlanılan Wall Street Journal-ın müxbiri Evan Gerşkoviçin sərbəst buraxılması üçün çalışır.
  • Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Rafael Qrossi Rusiyanın nəzarət etdiyi Zaporijjya atom elektrik stansiyasını müzakirə etmək üçün çərşənbə günü Moskvada Rusiya nümayəndə heyəti ilə görüşəcək.

Avropa İttifaqının xarici siyasət başçısı Cozep Borreel çərşənbə axşamı deyib ki, Avropa liderləri Çinə mesaj göndərir ki, o, Rusiyanın Ukraynaya qarşı təcavüzünə hərbi dəstək verə bilməz.

Çinə səfərindən öncə NATO xarici işlər nazirlərinin görüş keçirdiyi Brüsseldə çıxış edən Borrell deyib ki, Aİ “Çinə Rusiyanın vəhşilikləri və müharibə cinayətləri ilə bağlı mövqeyinin Pekinlə münasibətlərimizin keyfiyyətini müəyyən edəcəyini açıq şəkildə ifadə edib.”

O deyib ki, Çinə səfər edən digər Aİ liderləri, o cümlədən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Fransa Prezidenti Emmanuel Makron da eyni mesajla gedir.

Borrellə birlikdə müxbirlər qarşısına çıxış edən ABŞ Dövlət katibi Antoni Blinken deyib ki, Avropanın Rusiya enerji tədarükündən asılılığını azaltmaq və təmiz enerji hasilatını artırmağa diqqət veriləcək.

Hər iki diplomat hərbi alyans Finlandiyanı rəsmi olaraq üzvlüyə qəbul etmək üçün NATO xarici işlər nazirlərinin iclasında iştirak edir.