Avropa İttifaqı çərşənbə axşamı HƏMAS-ın Qəzza zolağında lideri Yəhya Sinvarı oktyabrın 7-də İsrailə qarşı hücumlarına görə terrorçuların sanksiya siyahısına əlavə edib.
Bu o deməkdir ki, hücumların təşkilində təqsirləndirilən şəxsin 27 ölkədən ibarət blokdakı aktivləri dondurulacaq və Avropa İttifaqı vətəndaşlarına onunla əməliyyatlar aparması qadağan ediləcək.
Fələstinin İslamçı HƏMAS hərəkatı artıq Avropa İttifaqı tərəfindən terrorçu təşkilatlar siyahısına salınıb.
France Press xəbər agentliyinin İsrail mənbələrinə əsaslanaraq verdiyi məlumata görə, İsrail tarixindəki ən dəhşətli hücum olan oktyabr hücumları əksəriyyəti mülki şəxs olmaqla, təxminən 1140 nəfərin ölümü ilə nəticələnib.
Militantlar həmçinin 250-yə yaxın girovu Qəzzaya aparıb. İsrailin bildirdiyinə görə, onlardan 132-si hələ də Fələstin ərazisindədir və azı 25-inin öldürüldüyü güman edilir.
İsrailin xarici işlər naziri İsrael Katz Avropa İttifaqının qərarını alqışlayıb.
Katz bəyanatında bildirib ki, "bu qərar HƏMAS-ın resurslarını kəsmək, onları qeyri-legitimləşdirmək və onlara hər cür dəstəyi qadağan etmək üçün diplomatik səylərimizin nəticəsidir". O əlavə edib ki, "biz Qəzzada və onun baş qaldırdığı hər yerdə şərin kökünü kəsməyə davam edəcəyik".
Oktyabrın 7-dən bəri 61 yaşlı Sinvarı görən olmayıb.
Hücumlardan sonra İsrail ordusu Sinvarı "gəzən ölü" elan edib.
HƏMAS rəhbəri 2015-ci ildə ABŞ-ın ən çox axtarılan “beynəlxalq terrorçular” siyahısına daxil edilib. Ondan əlavə, siyahıda HƏMAS-ın silahlı qanadı olan “İzzəddin Əl-Qəssam Briqadaları”nın komandiri və oktyabrın 7-si təşkilatçılarından olduğu güman edilən Məhəmməd Deyif də yer alır.
HƏMAS hökumətinin məlumatına görə, oktyabrın 7-dən İsrailin bombardmanları və quruda əməliyyatları başlayandan bəri 70%-i qadın, uşaq və yeniyetmə olmaqla, Qəzzada təxminən azı 24 285 fələstinli həyatını itirib.