2 fevral tarixi dünya gəncləri üçün heç bir məna kəsb etməyə bilər. Azərbaycanda isə bu tarix 1996-cı ildən bəri Gənclər Günü kimi qeyd olunur. Belə ki, həmin il prezident Heydər Əliyev bu barədə sərəncam imzalayıb. Wikipedia online ensiklopediyası iddia edir ki, bundan sonra bəzi MDB ölkələri, o cümlədən Şərqi Avropa ölkələri də 2 fevralı Gənclər günü kimi qeyd etməyə başlayıb.
Bəs görəsən, Azərbaycanda rəsmən Gənclər Günü kimi tanınan bu günü gənclər sektoru, gənclər təşkilatları qeyd edirlərmi? (Yazı audiodan sonra davam edir)
Müsbət Dəyişiklik gənclər təşkilatının idarə heyətinin üzvü Nərmin Rəhimli deyir ki, təşkilat üzvlərinin öz qərarlarına müdaxilə etməsə də, idarə heyəti daxilində üzvlərin bəziləri bu günü qeyd edirlər, bəziləri isə müəyyən səbəblərdən qeyd etmir: “Amma ümumi mövqeyimiz belədir ki, bu qərarın hansı hökumət tərəfindən verilməsindən asılı olmayaraq, bu gün Azərbaycanda Gənclər Günüdür. Qərar Azərbaycan dövləti adından verilibsə, o, bütün Azərbaycanın vətəndaşlarını əhatə edir”.
O, qərarın necə icra olunmasının başqa mövzu olduğunu deyir.
Nərmin Məmmədova isə deyir ki, üzvü olduğu İrəli İctimai Birliyi bu günə böyük dəyər verir: “Əlbəttə ki, İrəli İctimai Birliyi də Azərbaycandakı Gənclər gününü məhz gənclər təşkilatı olaraq qeyd edir. Məsələn dünən Bakıda, Park Bulvar adlanan yerdə “Gənclərin günü, gənclərin gücü” başlığı ilə bu günə həsr olunmuş tədbirimiz – böyük konsert proqramı keçirildi”.
Nərmin Məmmədovanın sözlərinə görə, ümumiyyətlə İrəli İctimai Birliyi gənclərə xidmət edən təşkilat olduğundan yalnız fevral ayının 2-i deyil, il boyu bütün layihələr gənclərə həsr olunur. O, layihələrin gənclərin inkişafına xidmət etdiyini bildirir.
İrəli İctimai Birliyindən Nərmin Məmmədova isə 2011-2015-ci illər arası gənclər proqramına
Nida! Vətəndaş Hərəkatından Etibar Salmanlı gənclərin fəallığı məsələsinə diqqət çəkərək deyir ki, hazırda gənclərin aktivlik durumu ürəkaçan olmasa da, bundan da zəif vaxtları olub: “Gənclər günü 2 fevral deyil, 11 martdır. Azərbaycan gəncliyinin inkişafının əsas pik nöqtəsi keçən ilki mart hadisələri ilə başlamışdı və bu inkişaf yüksələn xətt üzrə davam edəcək”.
Əlbəttə Azərbaycanın Gənclər Günündə Azərbaycan gənclərinin bir-birinə sözləri də var.
Nərmin Rəhimli:
- Xüsusilə həbsdə olan dostlarımızı təbrik edirəm. Bu gün Gənclər Günü ilə bağlı ən çox təbrik olunası insanlar onlardır. Bu günün gənclər günü elan edilməsinin mahiyyəti ondan ibarətdir ki, gənclərin bu vətən üçün çalışdıqlarını vurğulamaq, onlara dəstəyi ifadə etmək. Məncə onlar bizim gələcəyimiz, yaxşı gün üçün bizdən daha çox çalışırlar. Buna görə həm təşəkkür edirəm, həm də Azərbaycan vətəndaşı olan bütün gəncləri ayrı-seçkilik etmədən təbrik edirəm”.
Etibar Salmanlı:
- Sosial şəbəkələrdə nisbətən aktivliyimiz var. Hamı görür ki, istər blog sferasında, istər sosial şəbəkələrdə aktivik . Gənclərdən istərdik ki, daha da aktivləşsinlər. Bayram da olmasa, hər halda qeyd edənlərin bayramlarını təbrik edirik.
Nərmin Məmmədova:
- Hamının bayramını təbrik edirəm. Arzu edirəm ki, bütün imkanlardan istifadə etsinlər, özlərini daha çox inkişaf etdirsinlər və öz ölkələrini dünyada tanıtsınlar.
Adnan Hacızadə:
- Çox istərdim ki, Azərbaycan gəncləri hər hərəkətində fikirləşsin ki, hamı onlar kimi olacaq. Çalışsınlar gündəlik həyatlarında nümunəvi gənc, vətəndaş olsunlar. Elə yaşasınlar elə bil doğurdan da Azərbaycanın taleyi sırf onlardan asılıdır, çünki doğurdan da bu belədir. Ən kiçik şeylərdən başlayaraq: yolu keçəndə; zibili nəyəsə atanda; dərslərə gedəndə; universitetdə rüşvətsiz imtahan verəndə fikirləşsinlər ki, bilavasitə bu ölkənin gələcəyi ondan asılıdır və bu insan düzgün addımlar atmalıdır!
Qeyd edək ki, Dünya Gənclər Günü avqust ayının 12-də qeyd edilir. Birləşmiş Millətlər Təşkilatı bu tarixi 1999-cu ildə Beynəlxalq Gənclər Günü kimi tanıyıb.