Əsgər ölümünə görə 3 nəfər həbs edilib

Əsgər papağı

Əsgər ölümünə görə 3 nəfər həbs edilib.

Azərbaycan Hərbu Prokurorluğunun məlumatına görə avqustun 8 Müdafiə Nazirliyinin hərbi hissələrindən birində Qarabağ hərbi prokurorluğuna hərbi hissənin əsgəri Fəhmin Əbilovun avtomat silahdan atəş açaraq özünü öldürməsi barədə məlumat daxil olub.

Məlumatda deyilir ki, Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) Mərkəzi tərəfindən meyitin müayinəsi aparılıb.

Qarabağ hərbi prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Belə ki , ilkin istintaqla müəyyən edilib ki, əsgər Əbilov Fəhmin xidmət müddətində müxtəlif vaxtlarda post başçısı gizir Xəlilov Elmir və həmin postun əsgərləri Tanrıverdiyev Sənan və Arazov Rəşad tərəfindən zorakı və qanunsuz hərəkətlərə məruz qalıb.

Həmçinin müəyyən edilib ki, avqustun 8-də növbədə olan əsgər S.Tanrıverdiyev xidmət yerindən vaxtından əvvəl çıxıb silahını nəzarətsiz qoyub, bundan istifadə edən əsgər F.Əbilov həmin silahı götürüb özünü öldürüb.

Aparılmış ilkin istintaqla kifayət qədər sübutlar toplandığı nəzərə alınaraq üç hərbi qulluqçu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə əsgər S.Tanrıverdiyevə Cinayət Məcəlləsinin 230 (odlu silahı diqqətsiz saxlama), 332.2.1, 332.2.3 (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma), 338.1 (döyüş növbəsi çəkmə qaydalarını pozma) və 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), əsgər R.Arazova Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü, gizir E.Xəlilova isə həmin məcəllənin 331.2, 341.2.3 və 341.3-cü maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.