Əsəd: Britaniyanın Suriyada hava hücumları qeyri-qanunidir

Suriya prezidenti Bəşar Əl-Əsəd

Suriya prezidenti Bəşar Əl-Əsəd Britaniyanın ABŞ-ın başçılığı Suriyada İslam Dövləti qrupuna qarşı hava hücumları kampaniyası keçirən koalisiyaya qoşulmasını tənqid edərək, hava hücumlarının qeyri-qanuni olduğunu və nəticə verməyəcəyini deyib.

Britaniyanın "Sunday Times" qəzetinə müsahibədə Bəşar Əsəd deyib ki, İslam Dövləti qrupunu təkcə hava hücumları ilə məğlub etmək mümkün deyil və yeganə effektiv hava hücumları Rusiyanın sentyabr ayında Suriyada hərbi kampaniyaya başlamasından sonra keçirilən əməliyyatlardır.

Bəşar Əl-Əsəd Qərb hökumətlərini və regionda mötədil üsyançıları dəsətəkləyən başqa ölkələri tənqi edib və koalisiyanın hava hücumlarının onun ölkəsinin suverenliyini pozduğundan şikayət edib. ABŞ və Qərbin başqa ölkələri Rusiyanın hava hücumlarının İslam Dövləri qrupunu deyil, əsas etibarilə üsyançıları hədəf ladığını bildirir.

Britaniyanın hərbi təyyarəsi Kiprdə hərbi bazadan uçuşa hazırlaşır

Əsəd müsahibədə 2011-ci ildən ölkədə gedən vətəndaş müharibəsində mötədil müxalifət deyil, yalnız ekstremistlərin olduğunu deyib. Suriya hökuməti ölkədə dinc nümayişlər kimi başlayıb müxtəlif tərəflərin iştirak etdiyi vətəndaş müharibəsinə çevrilən böhranda üsyançıları "terrorçu" kimi qələmə verir.

Əsəd deyib ki, Qərbin və regiondakı ölkələrin terrorçulara dəstəyi dayansa, münaqişənin sona çatdırılması bir neçə ay müddətində mümkün ola bilər.
Britaniya keçən həftə Baş nazir Deyvid Kameronun parlamentin dəstəyini almasından sonra ABŞ-ın başçılıq etdiyi koalisiyada iştirakını genişləndirərək, İraqda İslam Dövləti qrupuna qarşı keçirilən hava hücumları ilə yanaşı Suriyada da militantların bombardan edilməsi əməliyyatlarında iştirak edəcəyini bildirib.

Baş nazir Kameron deyib ki, hava hücumları İslam Dövləti qrupuna qarşı daha geniş strategiyanın bir hissəsidir.

Britaniyanın Müdafiə nazirliyi şənbə günü Suriyanın şərqində neft yatağının hədəf alındığı haca hücumları ilə bağlı bəyanat açıqlayıb.