Ərəstun Oruclu: Casusları zərərsizləşdirən orqanlar Elmar Hüseynov və Rafiq Tağının qatillərini tapa bilmir [Audio]

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu

“İranın kəşfiyyat orqanları, o cümlədən SEPAH Azərbaycanda fəaliyyət göstərir. Bu həqiqətdir”.
Şərq- Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsi radiosuna müsahibəsində İranın kəşfiyyat orqanlarının Azərbaycanda fəaliyyətindən danışıb.

Your browser doesn’t support HTML5

Ərəstun Oruclu ilə müsahibə


Onun fikrincə, İranın kəşfiyyat orqanları, o cümlədən SEPAH Azərbaycanda fəaliyyət göstərir.

“İranın kəşfiyyat qurumları, o cümlədən SEPAH Azərbaycan müstəqilliyini qazandığı dövrdən (1991-1993-cü illərdən) burada kəşfiyyat şəbəkəsini qurmağa başlayıb. Son illərdə bu şəbəkə daha da genişlənib. Müxtəlif pərdələr altında, məsələn mədəni, dini, iqtisadi əlaqələr adı ilə şəbəkəni daha da genişləndirib. Vikilliks saytında dərc olunan sənədlərdə də Azərbaycanda fəaliyyət göstərən İran iş adamlarının böyük əksəriyyətinin SEPAH-la bağlı olduğu göstərilib. Bu həqiqətdir”.

Ekspert eyni zamanda dünən məhkəmə tərəfindən casusluqda ittiham edilərək barələrində hökm oxunan 22 nəfərin işinə bir qədər fərqli yanaşır.

“Çünki nə Azərbaycan istintaq orqanı, nə də məhkəmə şəffaf şəraitdə olmayıb. Buna görə də birmənalı fikri söyləmək çətindir. Bunun siyasi konyekturaya xidmət edib-etməməsini, yəni dünyaya Azərbaycanda islam təhlükəsi var mesajı olub-olmamasını müəyyən etmək çətindir”.

Cənab Oruclu hesab edir ki, onlarla insanı casusluqda ittiham edən Azərbaycan istintaq orqanları indiyədək ictimai xadimlərin, o cümlədən Elmar Hüseynovun və Rafiq Tağının qatillərini tapa bilməyib.

“Bu qətllər sıradan olan cinayət deyil. Bunlar ictimai effektə hesablanmış cinayətlərdir. Bunların açılmaması suallar doğurur. Eyni vaxtda, onlarla casusu ifşa edən təhlükəsizlik orqanları bir nəfəri qətlə yetirən cinayətkarları tapıb üzə çıxara bilmir”.

Ekspert bir neçə gün öncə Təhsil Nazirliyinin qarşısında dindarların keçirdiyi aksiyanın İran kəşfiyyat orqanları ilə bağlı olmasına da şübhə ilə yanaşır.

“Necə olur ki, müxalifət 30-50 nəfərlik bir etiraz aksiyasına hazırlaşan zaman fəallar qabaqcadan həbs edilir, amma 200 nəfər dindar küt alətlərlə silahlanıb şəhərin mərkəzində aksiya keçirir heç bir orqanının qabaqcadan xəbəri olmur. Bu, siyasi konyekturaya hesablanıb ki, Azərbaycanda hakimiyyətin tək alternativi var. Bu da İrandan idarə edilən siyasi islamdır. Amma, qərb və azad dünya buna inanmır. Bu həm də beynəlxalq medianın baş verənlərə diqqət ayırmamasından görünür”.