Ərdoğan: Türkiyə Qüdsdə səfirlik açmaq niyyətindədir

Türkiyə Qüdsdə səfirlik açacağını bildirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan deyib ki, onun ölkəsi Şərqi Qüdsdə səfirlik açacaq.

O, AKP-nin Karaman vilayətindəki üzvləri qarşısındakı çıxışında deyib ki, Türkiyənin Qüdsdəki konsulluğunda artıq səfir fəaliyyət göstərir.

"İnşallah, o gün uzaqda deyi, biz Allahın izni ilə orda öz səfirliyimizi də açacağıq" - deyə Ərdogan əlavə edib.

Reuters agentliyinin verdiyi məlumata görə, Ərdoganın bunu necə edəcəyi aydın deyil. Çünki hazırda İsrail Qüdsə tam olaraq nəzarət edir və şəhəri özünün bölünməz paytaxtı sayır.

Fələstinlilər şəhərin şərqini özlərinin gələcək dövlətlərinin paytaxtı sayırlar.

Qüds müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs şəhər hesab edilir. Eyni zamanda, Qüds İslam dünyası üçün üçüncü müqəddəs şəhərdir.

İsrail Şərqi Qüdsü 1967-ci ildə işğal edib. Onun bu addımını beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.

ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etdikdən sonra Ərəb Liqası təcili toplantı keçirib və dünya ictimaiyyətini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırıb.

Liqanın 13 dövləti artıq Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb.

Ərdogan Karamanda deyib ki, o, Trampın qərarından sonra Roma Papasına da zəng vurub.

Türkiyə prezidentinin bildirdiyinə görə, Papa da ABŞ rəhbərinin qərarının yanlış olduğunu düşünür.

Türkiyənin hazırda baş konsulluğu Qüdsdə yerləşir. Ölkə İsraillə tam diplomatik münasibətlərə malikdir, lakin başqa ölkələr kimi, Türkiyənin də səfirliyi Tel-Əvivdədir.