Ərdoğan Qüdslə bağlı qətnaməni Baş Assambleyaya çıxaracağını bildirib

Türkiyə Birləşmiş Ştatları Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını geri çəkməyə çağıran qətnaməni BMT-nin Baş Assambleyasına çıxaracaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü bildirib.

Qətnamə BMT Təhlükəsizlik Şurasına bazar ertəsi günü şuranın qeyri-daimi üzvü olan Misir tərəfindən təqdim edilib. Lakin Birləşmiş Ştatlar 14 lehinə səs verilməsinə baxmayaraq, qətnamə layihəsinə veto qoyub.

Qətnamə layihəsində Trampın bu ayın əvvəllərində səsləndirdiyi qərar və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi ilə əlaqədar dərin təəssüf bildirilib.

Sənəddə bütün ölkələr diplomatik missiyalarını Qüdsə köçürməkdən çəkinməyə çağırılır.

İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin fövqəladə zirvə toplantısı,13 dekabr, 2017.

“İnşaallah, qətnaməni BMT Baş Assambleyasına çıxaracağıq. Baş Assambleyada üçdə ikinin dəstəyi Təhlükəsizlik Şurasındakı qərarın rədd edilməsi demək olacaq”, Ərdoğan Cibutinin prezidenti Ömər Guellehlə birgə mətbuat konfransı zamanı bildirib.

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının ardınca İslam dünyasının 22 lideri keçən həftə İstanbulda görüş keçirib.

İnşaallah, qətnaməni BMT Baş Assambleyasına çıxaracağıq. Baş Assambleyada üçdə ikinin dəstəyi Təhlükəsizlik Şurasındakı qərarın rədd edilməsi demək olacaq.
Rəcəb Tayyib Ərdoğan

Türkyədə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin fövqəladə zirvə toplantısı beynəlxalq ictimaiyyətə Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanınması mesajı ilə başa çatıb. İstanbul samimitində qəbul edilmiş sənəddə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı tənqid edilib.

Sammit ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı ilə bağlı etirazların davam etdiyi bir vaxt keçirilib.

Qüds müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs şəhər hesab edilir. Eyni zamanda, Qüds İslam dünyası üçün üçüncü müqəddəs şəhərdir.