Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə Ankaranın Suriyanın şimalında planlaşdırdığı hərbi əməliyyatı və Ukraynada müharibəni müzakirə edib. Bu barədə bazar ertəsi Ərdoğanın ofisi məlumat verib.
Ərdoğan son günlərdə Türkiyənin 30 kilometrlik bufer zonası yaratmaq üçün Suriyadakı kürd militanlarına qarşı sərhədlərarası hərbi müdaxiləyə başlayacağını bildirib. Türkiyə prezidentinin ofisindən verilən məlumata görə, o, Putinlə telefon söhbətində deyib ki, sərhəd zonası üzərində 2019-cu ildə razılıq əldə olunub, ancaq o tətbiq edilməyib.
Ankara 2019-cu ilin oktyabrında Xalq Qoruma Dəstələrinə (YPG) qarşı əməliyyat həyata keçirib. Rusiya, Suriya rejimi və Birləşmiş Ştatların da sərhəd bölgəsində qoşunları var.
Türkiyə YPG-ni 1984-cü ildən bəri Türkiyəyə qarşı qiyam aparan və on minlərlə insanın ölümünə səbəb olan qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olan terror qrupu hesab edir.
Ancaq YPG Suriyada İslam Dövləti qrupuna qarşı aparılan mübarizədə ABŞ-ın başçılıq etdiyi qüvvələrin əsasını təşkil edir. ABŞ Türkiyənin Suriyaya öncəki hərbi müdaxilələrindən məmnun olmayıb.
Bəyanatda bildirilir ki, Ərdoğan həmçinin Putinə deyib ki, Türkiyə Ukraynada müharibəyə son qoymaqda rol oynamağa, o cümlədən Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı arasında mümkün "nəzarət mexanizmi"ndə iştirak etməyə hazırdır.
Mart ayında İstanbulda keçirilən danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb, ancaq həm Kyiv, həm də Moskva ilə yaxın əlaqələri olan Türkiyə dəfələrdə özünü mümkün vasitəçi kimi ortaya qoyub.
Türkiyə prezidenti həmçinin Ukraynada mümkün qədər tez sülhə və etimadı gücləndirən tədbirlərin görülməsinə çağırıb.
Vaşinqtonda Milli Təhlükəsizlik Şurası bildirib ki, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Ərdoğanın baş məsləhətçisi İbrahim Kalına zəng edərək, iki ölkənin Ukraynaya dəstəyini müzakirə edib, eyni zamanda isə Suriyadakı fəaliyyəti ilə bağlı xəbərdarlıq edib.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson deyib ki, Sullivan "mövcud atəşkəs xətlərini qorumaq və sabitliyin pozulmasının qarşısını almaq üçün Suriyada eskalasiyadan çəkinməyin vacibliyini təkrarlayıb."