Ərdəbildə Azərbaycana dəstək aksiyası ilə bağlı iki fəalın hökmü qüvvədə saxlanılıb

İran Azərbaycanının Ərdəbil şəhərində yaşayan iki milli fəal Əli Xeyrcu və Meysəm Colaniyə verilən həbs və qamçı cəzası Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Bunu İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bildirib.

İnsan hüquqları fəallarının yaydığı məlumata görə, Apellyasiya Məhkəməsi fəalların həbs cəzasının tətbiqini bir il müddətinə dayadırır. Məhkəmənin qərarına görə, bir il ərzində başqa ittihamlardan günahkar tanındıqları təqdirdə ilkin məhkəmənin verdiyi hökm tətbiq ediləcək.

Keçən il sentyabr və oktyabr aylarında Ərdəbildə Azərbaycana dəstək mitinqləri ilə əlaqədar həbs edilən bu iki milli fəal Ərdəbil 2-ci Cinayət Məhkəməsinin 110-cu şöbəsi tərəfindən “hay-küy və qarışıqlıq yaradaraq ümumi intizam və asayişi pozmaq” ittihamı ilə suçlanaraq, hər biri 4 ay həbs və 20 qamçı cəzasına məhkum edilmişdi.

Xeyrcu ilə Colani sentyabrın 29-da digər vətəndaşlarla birlikdə Ərdəbil şəhərinin Ciral parkında Qarabağa dəstək mitinqində həbs edilib, bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Sosial mediada yayılan videolara görə, İran hökumətinin təhlükəsizlik qüvvələri Əli Xeyrcunu həbs etmək üçün milli fəalın evinin divarından aşaraq evinə basqın edib və milli fəalı və onun ailə üzvlərini döyüb və təhqir etmişdilər.

Əli Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadə yoldaşının vəziyyətini öyrənmək üçün Ərdəbil prokrorluğunun 10-cu şöbəsinə müraciət etdiyində, hakim Nonəhal tərəfindən təhqir olunaraq həbs edilib, bir gün nəzarət altında qaldıqdan sonra azadlığa buraxılıb.

Sentyabrın 29-da Ciral parkında Qarabağda hərbi münaqişə zamanı Azərbaycan Respublikası və ordusuna dəstək üçün keçirilən dinc mitinq ilə əlaqədar çox sayda milli fəal və adi vətəndaş həbs edilib, ağır işgəncələr görüb və yüksək məbləğli qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılıblar.