Bakıda "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurası çərçivəsində nazirlərin iclası olacaq

Cənub Qaz Dəhlizi

Fevralın 15-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına hazırlıq işləri yekunlaşıb

Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.

Görüşdə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio və Böyük Britaniyan baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson iştirak edəcək.

"Cənub Qaz Dəhlizi" layihəsinə cəlb edilmiş ölkələrdən Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvili, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Scalfarotto, Yunanıstanın ətraf mühit və energetika nazirliyinin nümayəndələri Mixail Verroiopolos, Ludovikos Kotsonopoulos, Albaniyadan isə energetika və sənaye nazirinin müavini Enis Aliko, Monteneqronun enerji məsələləri üzrə dövlət katibi Nikola Vuyoviç, Xorvatiyanın ətraf mühit və energetika nazirliyinin dövlət katibi İvo Milatiç, Bosniya və Herseqovinın xarici ticarət və iqtisadi əlaqələr nazirinin müşaviri Nedo Kapetina tədbirə qatılacaq.

Məşvərət Şurasının iclasında ilk dəfə olaraq Türkmənistan və Rumıniya da iştirak edəcək.

Tədbirdə iştirakı dəqiqləşənlər arasında TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Luka Şieppatinin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də başqa regional prezidenti Qəri Counz olmaqla BP şirkəti geniş tərkibdə yer alıb. Bununla yanaşı, toplantıda "Snam", "Enagas", "Axpo" və "Fluxys" şirkətlərinin də iştirakı nəzərdə tutulub.

Beynəlxalq maliyyə qurumlarından isə tədbirə Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW Bankı, Dünya Bankı və Çoxtərəfli İnvestisiya Zəmanət Agentliyi qatılacaq.

Yekun olaraq "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə, eləcə də "Albgaz" və "SOCAR Balkans", həmçinin "Plinacro", "Albgaz", "BH Gas" və "Montenegro Bonus" arasında niyyət məktublarının imzalanması planlaşdırılır.

"Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.