Emma Hughes: "Bakıya buraxılmayacağımı bilsəydim, getməzdim" [Müsahibə]

Avropaya Oyunların ərəfəsində Azərbaycana girişinə icazə verilməyən Britaniya insan haqları fəalı Amerikanın Səsinə müsahibə verib

Bakıda keçirilən Avropa Oyunlarının açılışından üç gün öncə Azərbaycana girişinə icazə verilməyən Böyük Britaniya insan haqları fəalı Emma Hughes Amerikanın Səsinə müsahibədə baş verən hadisənin detallarını danışıb. Həm də Platforma və İnsan Haqları Uğrunda İdman kampaniyalarının fəalı olan Emma Hughes bildirib ki, ölkəyə buraxılmayacağını bilsəydi, heç vaxt Bakıya getməzdi. Oyunlardan öncə ona press akkreditasiyası verildiyini deyən insan haqları fəalı bundan əvvəl Bakıda iki dəfə olduğunu bildirib. Emma Hughes-lə müsahibəni sizə təqdim edirik:

Sual: Keçən həftə Azərbaycan rəsmiləri sizin Avropa Oyunlarını izləmək üçün ölkəyə daxil olmağınızın qarşısını almışdı. Nə baş verdiyini ətraflı danışa bilərsinizmi?

Cavab: Keçən həftənin çərşənbə axşamı Azərabycana getməyə çalışırdım. Heydər Əliyev adına beynəlxalq hava limanına çatdım və pasport nəzarəti masasında məni növbədə gözlətdilər. Onlar mənim pasportumda adıma baxandan sonra göründü ki, nəsə problem olacaq. Mənə dedilər ki, adım qırmızı siyahıdadır və ölkəyə daxil olmağım qadağandır. Bundan sonra onlar məni hava limanındakı saxlama məntəqəsində 12 saat saxladılar və geriyə Londona göndərdilər.

Sual: Siz Azərbaycan rəsmilərinin ölkəyə girişinizin qarşısını alacağını gözləyirdinizmi? Yoxsa bu, xarici jurnalistlərə və fəallara artan şəkildə tətbiq edilən yeni tendensiyadır?

Cavab: Bu tamamilə yeni tendensiyaya bənzəyir. Mən ölkəyə daxil ola biləcəyimi gözləyirdim, çünki mənə Avropa Oyunlarında baş verənlər haqda yazmaq üçün press akkreditasiya vəsiqəsi verilmişdi. Bu vəsiqəni aldığım üçün ölkəyə girə biləcəyimi düşünürdüm. Buna baxmayaraq bilirdim ki, bir müddət əvvəl Human Rights Watch-un ölkəyə daxil olmasına icazə verilməmişdi. Mən Bakıya buraxılmayandan qısa müddət sonra isə Amnesty International və Guardian da oxşar hadisə ilə üzləşdi. Bilirdim ki, rejim Platform, eləcə də məni və İnsan Haqlar Uğrunda İdman kampaniyasının Azərbaycanda baş verənlər barədə danışmasını nəzarətdə saxlayır və bundan narazıdır. Amma buraxılmayacağımı gözləmirdim, şok oldum. Çünki buraxılmayacağımı bilsəydim, heç vaxt getməzdim.

Sual: Ölkədə olarkan nələr barədə yazmağı planlaşdırırdınız? Orada hər hansı təmaslarınız varmı?

Cavab: Bəli, bəzi adamları tanıyıram. Mən əvvəllər Azərbaycanda iki dəfə olmuşam. Düz bir il əvvəl mən Bakıda idim və indi həbsdə olan bəzi insanlarla görüşmüşdüm. Onlar arasında Rəsul Cəfərov, İntiqam Əliyev və Xədicə İsmayılova var idi. Azərbaycanda tanıdığım çox adam var. Onlarla görüşüb ölkədə nə baş verdiyi barədə söhbətləşməyi və oyunlar dövrü bu barədə yazmağı düşünürdüm.

Sual: Fikrinizcə, Avropa Oyunları Azərbaycanda insan haqlarının vəziyyətinə hansı təsirləri göstərə bilər?

Cavab: Məncə bu, Azərbaycan rejiminin nə dərəcədə repressiv olması məsələsini qaldırmaq üçün çox yaxşı imkan oldu. Xususilə mənim olduğum ölkə Böyük Britaniyada Azərbaycanın insan haqları pozuntuları, tənqidi səslərin boğulması və jurnalistlərin ölkəyə daxil olmasının qarşısının alınmasına dair narahatlıq yarandı. Azərbaycanın özündə Avropa Oyunları ərəfəsində vəziyyətin qat-qat pisləşdiyini, bir çox insanın həbs edildiyini gördük. Avropa Oyunları Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib. Tək oyunları yox, həm də ölkədəki insan haqlarının vəziyyətini. Bu, insanların azadlığa buraxılmasına kömək edə bilər. Gözləyib, görməliyik.