Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə ali şurası bu yaxınlarda azlıqlar məsələləri forumunun 10-cu sessiyasını keçirib. Forumda İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan türklərin məsələləri ilə bağlı çıxış edən hüquq müdafiəçilərindən Əmir Makuyi Amerikanın Səsinə müsahibədə bu forumun funksiyası və önəmi haqqında danışıb.
Your browser doesn’t support HTML5
İran Azərbaycanından əlavə Türkmənsəhra və Qaşqay elini təmsil edən nümayəndələrin də forumda iştirak etdiyini bildirən Makuyi İranın türklərinin iştirakının keçən illərə görə daha yüksək olduğunu ifadə edir.
Çox ölkələr vardır ki, insan haqlarına riayət etməsələr, demokratik olmasalar da, beynəlxalq görüntüləri və şöhrətlərinə önəm verirlər. Tənqid edilmək istəmirlər.Əmir Makuyi
Əmir Makuyinin söylədiklərinə görə, “azlıq məsələləri forumunun hədəflərindən biri, milli, etnik və dil azlıqları arasında dialoq və işbirliyin yaradılmasıdır. İkincisi bu ki, BMT-nin azlıqlar məsələləri üzrə bir xüsusi nümayəndəsi var. Bu forumda azlıq cəmiyyətlərin təmsilçiləri ona məlumat və öz fikirlərini təqdim edə bilirlər.”
O, nümayəndənin hazırladığı illik hesabatda həmin məlumatdan istifadə olunduğunu bildirir. “Nümayəndənin hesabatında azlıq cəmiyyətlərin yaşadığı ölkələrin dövlətlərinə tövsiyələr yer alır,” deyə hüquq müdafiəçi söyləyir.
Əmir Makuyinin sözlərinə görə, forum dünyada azlıq icmaları ilə əlaqədar görülmüş işlərin dəyərləndirilməsi və onların nümunə kimi diqqətə alınması üçün zəmin yaradır. Eyni zamanda tədbirdə çatışmazlıqlar, problemlər və fürsətlərin müəyyənləşdirilməsi mümkün olur, deyə o bildirir.
Makuyi bu forumda azlıq cəmiyətlərin qeyri-hökümət təşkilatlar tərəfindən təmsil olunduqlarını qeyd edir.
Onun dediklərinə görə, “ayrıseçkiliyə məruz qalan azlıq qruplar, ümumiyyətlə rəsmi qurumlara sahib olmadıqları üçün, NGO-lar şəklində gəlib orada sözlərini deyirlər. Dövlətlər də orada olur. Onların ya ümumi çıxışları olur ya da müəyyən bir NGO-nun sözlərinə etirazlarını bildirib və sözlərini deyə bilirlər. Əlbəttə etiraz düzgün etiraz olmalıdır, hər şeyə etiraz edə bilməzlər...”
Azlıq məsələləri forumunun hədəflərindən biri, milli, etnik və dil azlıqları arasında dialoq və işbirliyin yaradılmasıdır.Əmir Makuyi
Hüquq müdafiəçisinin fikrincə, bu forum ardından təqdim edilən hesabat sadəcə tövsiyələrdən ibarət olub və dövlətlərin ona əməl etmək öhdəliyi olmasa da, olduqca təsirli və önəmlidir.
“Bir çox ölkələr var ki, insan haqlarına riayət etməsələr, demokratik olmasalar da, beynəlxalq görüntüləri və şöhrətlərinə önəm verirlər. Tənqid edilmək istəmirlər. Yəni bu hesabatların nəhayətdə nəticəsi olur. Elə deyil ki, divara deyilsin,” o qeyd edir.
BMT azlıqlar üzrə forumunun 10-cu sessiyasında İran Azərbaycanından Əmir Makuyidən əlavə, hüquq müdafiəçiləri Jalə Təbrizli və Şahin Xiyavlı da iştirak ediblər. Həmçinin Türkmənsəhra və Qaşqay elindən nümayəndələrin çıxışı olub.