Emin Hüseynov: Azərbaycanda tənqidi səslər təhlükədədir [Audio]

İfadə azadlığı hesabatı

RATİ ifadə azadlığı ilə bağlı hesabat yayıb. Əsas problem fərqli fikrə qarşı dözümsüzlükdür. 8 jurnalist həbsdədir.

RATİ-nin direktoru Emin Hüseynov

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov Azərbaycanda ifadə azadlığının vəziyyəti haqqında yarım illik hesabatı (1 yanvar - 1 iyul 2012-ci il) təqdim edib.

Your browser doesn’t support HTML5

Emin Hüseynovla müsahibə


Emin Hüseynov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, hesabat International Media Support (IMS) və National Endowment for Democracy-nin (NED) dəstəyi ilə hazırlanıb.
Cənab Hüseynov qeyd edib ki, hesabat konkret müraciətlər və monitorinqlər əsasında hazırlanıb, jurnalistlərə qarşı cinayətlərin cəzasızlığını, jurnalistlərin və hüquq müdafiəçilərinin təqib və həbs olunmasını, hakimiyyəti tənqid edənlərə qarşı məhkəmə təzyiqlərini, İnternetdə ifadə azadlığı sahəsində problemi və media üzərində dövlət nəzarətini əks etdirir.
Hesabatda həmçinin tövsiyələr yer alıb. “Hakimiyyəti Elmar Hüseynovun və Rafiq Tağının qatillərini tapmağa, bununla da jurnalistlərə qarşı cinayətlərin cəzasızlığına son qoymağa çağırırıq”, deyə Hüseynov bildirib.
Sənəddə jurnalist Xədicə İsmayılovaya qarşı cinayətlərin üstünün açılması, bir sıra qanunlara, o cümlədən “İnformasiya əldə etmək i haqqında” qanuna informasiya əldə etmək azadlığını məhdudlaşdıran düzəlişlərin ləğv edilməsi tövsiyə olunur.
“Beynəlxalq qurumlara Azərbaycanda söz və ifadə azadlığı problemlərinə və Azərbaycanın beynəlxalq öhdəliklərini yerinə yetirməsinə daha diqqətlə yanaşmağı tövsiyə edirik. Qoy onlar göz yummasınlar, fəal tədbirlər görsünlər”, deyə RATİ rəhbəri bildirib.
Hesabat müəllifləri jurnalist həmkarlarına jurnalist etikasına riayət etməyi və təhlükəsizlikləri məsələsində diqqətli olmağı tövsiyə edir. “Jurnalistlər öz problemləri haqqında susmamalıdır”, deyə Hüseynov bildirib.
O qeyd edib ki, ölkədə əsas problem fərqli fikrə qarşı dözümsüzlükdür ki, bu da çox vaxt vətəndaşlardan deyil, hakimiyyətdən irəli gəlir.
Hesabata həbsdə olan 8 jurnalistin adları daxil edilib: “Xural” qəzetinin iki əməkdaşı - Əvəz Zeynallı və Aydın Canıyev, “Xəyal” regional TV-nin iki əməkdaşı - Zaur Quliyev və Vüqar Qonaqov, İran televiziyasının müxbiri Anar Bayramlı, “islamazeri.az” saytının baş redaktoru Ramin Bayramov və “azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev - hər ikisi narkotik saxlamaq ittihamı ilə həbs olunub.
Siyahıya həmçinin əvvəlcə narkotik saxlamaqda, sonradan isə dövlətə xəyanətdə ittiham olunan “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun adı da salınıb.
Emin Hüseynovcari ilin 9 ayı üçün aralıq hesabat hazırlanacağını da bildirib.