Emin Saqiyev 22 gündür aclığı davam etdirir

Emin Saqiyev və Türkel Azərtürk

Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Emin Saqiyev 22 sutkadır ki, 6 saylı cəzaçəkmə müəssisəsində aclığı davam etdirir. O, məhkəmənin ədalətsiz hökmünün ləğvini tələb edir.

Bu barədə onun ailə üzvü Amerikanın Səsinə bildirib.

Ailə üzvlərinin verdiyi məlumata görə, cəzaçəkmə müəssisəsinin tibb bölməsinə yerləşdirilən Emin Saqiyevin vəziyyəti gündən-günə pisləşir.

"Eminin böyrək və ürək sancmaları kəskinləşib, səsi çox zəif idi. Qan təzyiqi dünən kəskin düşüb. Həkimlərin müdaxiləsinə icazə verməyib. O ailə üzvlərinin həyəcan keçirməməsi üçün səhhəti ilə bağlı geniş məlumat vermir. Buna baxmayaraq səsinin zəifliyindən halsız olduğu hiss edilir. Biz onun səhhətindən çox narahatıq. Xahişlərimizə baxmayaraq aclığı dayandırmır, ədalət bərpa olunmazsa aclığı sonadək davam etdirəcəyini bildirir. Rəsmi qurumlar, hüquq müdafiəçiləri Eminin səsini eşidin, ədaləti bərpa edib Emini ölümün pəncəsindən xilas edin," Aygün Saqıyeva sentyabrın 8-də həyat yoldaşı Emin Saqıyevlə teelfon danışığından sonra Amerikanın Səsinə bildirib .

Emin Saqıyev 2017-ci il noyabrın 17-də saxlanılıb. 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

O, Xalq Cəbhəsi Partiyasının fəalı, jurnalist, Avropadan yayımlanan müxalif “Turan TV” telekanalının aparıcısı olmuş Türkel Azərtürkün bacanağıdır.

Yerli hüquq müdafiəçiləri əmindirlər ki, onu siyasi mühacir Türkel Azərtürkün jurnalist fəaliyyətinə görə cəzalandırıblar. Azərtürk son bir neçə ildir ki, Avropada yaşayır. O, Azərbaycan hakimiyyətini kəskin tənqid edən “Azərbaycan saatı” internet resursunun əməkdaşı olub. Türkel Azərtürkün özü də bu ilin fevralında bildirib ki, o və ailəsi həyatlarına təhlükənin mövcudluğu ilə bağlı Niderland polisi tərəfindən xəbərdar edilib. Bu ilin martında Türkel Azərtürk AXCP-dən, o cümlədən AND təşkilatından, internet resurslarında fəaliyyətdən istefa verdiyini bildirib.

Penitensiar Xidmətdən Saqiyevin səhhəti və saxlanma şəraiti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər.