"Hərdən deyirik sağ olsunlar ki, öldürməyiblər." [Audio-Müsahibə]

RATİ icraçı direktoru Emin Hüseynov

“Hesab edirik ki, baş vermiş hadisə Azərbaycanda ifadə azadlığına növbəti ciddi zərbədir - məhz ona görə ki, Mehman Azərbaycanda tanınan tənqidçi simalardan biri idi. O, digər tənqidçi jurnalistlər kimi dəfələrlə hakimiyyətin korrupsiyaya bulaşması haqda geniş kütləyə, xalqımıza mütəmadi məlumat verirdi,” deyə Mehman Hüseynovun hazırda Praqada olan qardaşı və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov Amerikanın Səsinə bildirib.

Your browser doesn’t support HTML5

Emin Hüseynov Amerikanın Səsinə danışır

Bu həbs sıradan həbs deyil. Bu həbsin arxasında Azərbaycan hakimiyyətinin bir mahiyyəti durur ki, bu da ifadə azadlığının kökünün kəsilməsidir.

Onun sözlərinə görə Mehman jurnalist faəaliyyəti ilə yanaşı hüquq müdafiəçisi kimi də fəaliyyət göstərməyə başlamışdı. Həbsin onda təccüb doğurmadığını deyən Emin Hüseynov Azərbaycandakı repressiv durum şəraitində hökumətin öz tənqidçilərini təqib etməsinin normaya çevrildiyini qeyd edib.

“Hərdən deyirik sağ olsunlar ki, öldürməyiblər. Azərbaycan kimi qanun aliliyi olmayan, məmur özbaşınalığı, mütəşəkkil cinayətklarların vəzifə başında oturduqları ölkədə insanların faciə ilə üzləşməsində problem görmürük.”

Emin Hüseynov təmsil etdiyi Reportyorların Azadlığı və Təhlükəsizlyi İnstitutunun həbslə bağlı bəyanat yaydığını deyərək Mehman Hüseynovun azad olunması istiqamətində təşviqat işləri aparılacağını vurğulayıb.

“Kimlərsə prezident aparatında yazılmış qərarı otağa qayıdaraq oxuyub,” deyə Emin Hüseynov Mehmana qarşı məhkəmə qərarının qəfil və arbitrar olmasını qeyd edib.

Yanvarın 9-da polis tərəfindən saxlandıqdan sonra Mehman Hüseynov ona işgəncə verildiyini iddia etmişdi.

Emin Hüseynov qardaşının hələ 2012-ci ildən başlayaraq davamlı basqılara məruz qaldığını, onun guya polisə xəsarət yetirməsi ilə bağlı istintaqa başlandığını bildirib. Bu ittihamların nəticəsi olaraq artıq beş ildir ki, Mehman ölkəni tərk edə bilmirdi.

Hüseynov əlavə edib ki, xaricdə yaşayan siyasi fəallar bu yaxınlarda vitse-prezident təyin edilmiş Mehriban Əliyevnın UNESCO-nun xoşməramlı səfiri vəzifəsindən məhrum edilməsi üçün BMT-yə müraciətlə çıxış edəcək.

“Bu həbs sıradan həbs deyil. Bu həbsin arxasında Azərbaycan hakimiyyətinin bir mahiyyəti durur ki, bu da ifadə azadlığının kökünün kəsilməsidir.”

Your browser doesn’t support HTML5

Mehman Hüseynov jurnalistlərə saxlanılan zaman ona verilən fiziki təzyiqlərdən danışıb.

Mehman Hüseynov ilk dəfə yanvarın 9-da axşam saatlarında saxlanılmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi Rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də isə Mehman Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Daxili İşlər Nazirliyi hesab edib ki, bloger ona işgəncə verildiyini söyləməklə polisi ağır cinayətdə ittiham etməklə böhtan atıb.