Emil Quliyev: Problem AZAL-ın inhisarçı siyasətindədir

Emil Quliyev

Turan İnformasiya Agentliyinin şərhçisi Emil Quliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycan Hava Yolları Şirkətinidəki (AZAL) mövcud durum və bu qurumda islahatların vacibliyindən danışıb.

Amerikanın Səsi: Prezident İlham Əliyev dövlət şirkətlərində, o cümlədən Azərbaycan Hava Yolları Şirkətində yeni idarəetmə sisteminin qurulmasının vacibliyini bildirib. Sizcə AZAL-da yeni idarəetmə sistemi necə qurula bilər?

Hazırki idarəçiliyə görə Azərbycan Hava Yolları Şirkəti dövlətə xeyir gətirmir, milyonlarla borcu yaranıb.

Emil Quliyev: Prezident faktiki olaraq dövlət şirkətləri rəhbərlərindən köklü islahatlar tələb edib. Uzun müddətdir iqtisadçılar, bu sahədən az-çox başı çıxanların hamısı bu sözü deyirlər. Söhbət konkret AZAL-dan gedirsə köklü islahatlar lazımdır. Çünki, bu cür idarəçilik mümkün deyil. Hazırki idarəçiliyə görə Azərbycan Hava Yolları Şirkəti dövlətə xeyir gətirmir, milyonlarla borcu yaranıb. Bir neçə il bundan qabaq maliyyə amnistiyası nəticəsində onların borcu bağışlanıb. Bu cür şərait davam edə bilməz. Şirkət dövlətə xeyir verməlidir. Ödənişləri vergi formasında olmalıdır. Əgər onun vergi borcu qalırsa deməli idarəetmə sistemində səhv var və bu köklü surətdə düzəlməlidir.

Your browser doesn’t support HTML5

Emil Quliyev: Problem AZAL-ın inhisarçı siyasətindədir

Amerikanın Səsi: AZAL şirkəti hər il dövlət büdcəsindən dotasiya alır. Onun istifadə etdiyi təyyarələr və hava limanları dövlət vəsaiti hesabına alınır və tikilir. Belə olan halda şirkətin gəlirlə işləməməsinə səbəb nədir?

AZAL-ın sisteminin özü artıq monopoliyadır. Milli aviadaşıyıcı ilə aeroport bir şirkətin əlində cəmləşib. Mən, Avropada ikinci belə ölkə tanımıram ki, belə bir hal olsun.

Emil Quliyev: Bütün ekspertlər ən əsas səbəb kimi AZAL-ın inhisarçı siyasətini göstərir. Yəni, bu nədən ibarətdir? AZAL nümayəndələri dəfələrlə bildiriblər ki, monopolist deyillər, heç kimə təzyiq göstərmirlər. Amma, AZAL-ın sisteminin özü artıq monopoliyadır. Yəni, bu nədən ibarətdir? Milli aviadaşıyıcı ilə aeroport bir şirkətin əlində cəmləşib. Mən, Avropada ikinci belə ölkə tanımıram ki, belə bir hal olsun. Yəni, bu halın olması artıq rəqabət prinsiplərinə ziddir. Buna görə də ilk növbədə bu məsələ həll olunmalıdır. Bu inhisarçılıqdır. Biz, bağlı qapılar arxasında olan danışıqlardan xəbər tutmaya bilərik. Tutaq ki, hər hansı bir şirkət gəlib, müraciət edib, Bakıdan və Azərbaycanın digər aeroportlarından uçuşlar etmək istəyir. AZAL-ın nümayəndələri ilə söhbətlər aparır. Biz həmin söhbətlərin necə olduğunu, AZAL-ın onlara hansı şərtlər irəli sürdüyünü deyə bilmərik. Biz ancaq oradan çıxan nəticənin əsasında danışa bilərik. Bir misal kimi göstərə bilərəm ki, keçən il Rumıniyanın TAROM şirkəti bəyan etdi ki, Azərbaycan, Ermənistan, Gürcüstan və Ukraynadan Buxarestə birbaşa uçuşlar təşkil etmək istəyir. Bu ölkələrin müfafiq strukturları ilə danışıqlara başlayırlar. Bir neçə müddətdən sonra, təxminən iki-üç aydan sonra Tbilisi, Yerevan və Odessadan Buxarestə uçuşlar başladı. Bu siyahıda təkcə Bakı olmadı. Təkcə bu faktın özü artıq nəticələr barədə danışmağa imkan verir. AZAL-ın nümayəndələri həmin şirkətə hansı şərtlər irəli sürdülər ki, onlar digər üç ölkədən birbaşa uçuşlara başladı, ancaq bizdən başlamadılar?

Amerikanın Səsi: Prezident Əliyev dövlət şirkətlərinin özəlləşdirilməsi məsələlərinə də toxunub. Sizcə AZAL şirkətinin özəlləşdirilməyə çıxarılması mümkündürmü?

Aerportlar ayrıca bir subyekt kimi, kommersiya şirkəti kimi fəaliyyət göstərməlidir.

Emil Quliyev: Mümkündür və hətta vacibdir. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, özəlləşdirmə üçün ilk addımlardan biri, bayaq dediyimiz kimi, aeroportla milli aviadaşıyıcının bir-birindən ayrılmasıdır. Bu anormal bir situasiyadır və bu olmamalıdır. Aerportlar ayrıca bir subyekt kimi, kommersiya şirkəti kimi fəaliyyət göstərməlidir. Özü öz müştərilərini cəlb etməlidir, gəlirlərini qazanmalıdır və dövlətə xeyir verməlidir. AZAL aviadaşıyıcı kimi qalmalıdır. İnhisarçılıq əlindən alındıqdan sonra AZAL özü də yaşamaq üçün mübarizə aparacaq və gəlir əldə etmək üçün yeni sistem quracaq. İndiki halda hamı eyni sözü deyir ki, AZAL-dan bir aviadaşıyıcı kimi şikayət azdır. Yəni, niyə? Təyyarələrin texniki səviyyəsi, pilotların hazırlığı, göstərilən xidmətlər çox yaxşıdır. Söhbət, ancaq AZAL təyyarələrinə olan biletlərin bahalığından və digər şirkətlərin Azərbaycana az uçmasından gedir. Söhbət ancaq Avropa loukoster şirkətlərinin Bakıya uçuşlar etməməsindən gedir. Əgər, AZAL ayrıca bir şirkət kimi aeroportsuz fəaliyyət göstərəcəksə öz biletlərinə istədiyi qiyməti qoya bilər. Bu şirkətin öz şəxsi işidir və öz biznes siyasətinə uyğun olaraq bunu edəcək. Amma, aeroport ki, digər loukosterlər, digət aviaşirkətlər cəlb edəcək və onda AZAL da həmin rəqabətə uyğun olaraq öz qiymətlərini formalaşdıracaq. İstəyir indiki kimi baha qiymətə satsın, isətyir qiymətləri endirsin bazarda fəaliyyət göstərsin.

Amerikanın Səsi: Sizcə hava limanlarının xarici idarəçiliyə verilməsi mümkündürmü?

Avropa İttifaqı ilə aviasiya sazişi olmayınca bizdə aviasiya sahəsi üzrə vətəndaşların hiss edəcəyi irəliləyiş olmayacaq.

Emil Quliyev: Bu, çox yaxşı bir praktika ola bilərdi. Limanlar xarici idarəçiliyə verilsə idi çox yaxşı olardı. Qonşu Gürcüstanı götürsək. Orada Tbilisi və Batuminin aeroportu Türkiyə şirkətinə idarəçiliyə verilib. Həmin Türkiyə şirkəti Tallində və digər bir sıra ölkələrdə də aeroportları idarə edir. Onların aeroportları idarə etmək üzrə çox böyük təcrübəsi var. Tbilisidəki praktika da gösətrir ki, Türkiyə şirkəti aeroportu idarə edəndən sonra çox sayda aviaşirkətlər cəlb edilib, qiymətlər aşağı düşüb. Uçuş istiqamətləri çoxalıb. Bu da əlbəttə, həm vətəndaşa rahatdır, həm də dövlətə xeyirdir. Bu səbəbdən Azərbaycan vətəndaşları da çox vaxt Gürcüstan aeroportlarından istifadə edir. Çünki uçuş çoğrafiyası çox genişdir, biletlərin qiyməti isə ucuzdur. Bu baxımdan, Avropa İttifaqı ilə münasibətləri də qeyd etmək lazımdır. Çünki Azərbaycan prezidenti yeni xarici işlər naziri Ceyhun Bayramovu təyin edəndə ona Avropa İttifaqı ilə yeni müqavilə üzrə danışıqların başa çatdırılması üzrə tapşırıq verdi. Həmin müqavilə dedikdə, orada iki müqavilədən söhbət gedir. Biri Avropa İttifaqı ilə yeni müqavilə, biri də aviasiya sazişidir. Bunlar, ikisi paralel gedir. Aviasiya sazişi olmayınca bizdə aviasiya sahəsi üzrə vətəndaşların hiss edəcəyi irəliləyiş olmayacaq. Çünki, həmin aviasiya sazişi Avropa şirkətlərinə heç bir məhdudiyyət olmadan istənilən şəhərə, istənilən aeroporta uçmağa imkan verəcək. Avropa İttifaqının Bakıya səfər edən rəsmiləri dəfələrlə deyiblər ki, Azərbaycan regionda nəqliyyat mərkəzi olmaq istəyir, amma bununla belə vurğulayıblar ki, aviasiya sektorunda problemlıər həll olunmayınca, bu mümkün deyil.

Qeyd: Azərbaycanm Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ilin aprelində yradılıb.

Hazırda aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. Hər il orta hesabla iki milyondan çox sərnişin daşıyır.

AZAL 23 hava gəmisindən ibarət yeni təyyarə parkına malikdir.

Cahangir Əsgərov 1996-cı ildən AZAL-ın prezidentidir.

Prezident İlham Əliyev avqustun 6-da koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bir sıtra dövlət şirkətlərini, o cümlədən AZAL-ın fəaliyyətini tənqid edib. Əliyev hökumətə tapşırıb ki, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır.

“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir,” prezident qeyd edib.