Amerikanın 911 xidməti

Dünyanın bir çox ölkələrində təcili yardım üçün telefonda üç rəqəm yığılır. Avropa ölkələrində bu nömrə 1-1-2, bəzi Asiya ölkələridnə 9-9-9, Şimali Amerikada isə 9-1-1-dir. Bu nömrəni yığmaqla həm təcili yardıma, həm polisə, həm də yanğınsöndürmə idarəsinə düşmək olar. Nə baş verirsə versin, Birləşmiş Ştatlarda 9-1-1-ə zəng edəndə dispeçer ingilis dilində cavab verir. Lakin çoxdilli bir cəmiyyətdə ingilis dilini bilməyənlər də var.

Belə bir zəng Oreqon ştatının Villamet qraflığının Salem şəhərindəki 9-1-1 mərkəzinə gəlir. Bu növ zənglər Amerikanın hər yerində ola bilər. Zəng edən şəxs xarici dildə danışır. Belə olan halda dispeçer təcili olaraq tərçüməçinin cavab verəcəyi düyməni basır. Ölkənin bu bölgəsində hər 9-1-1 mərkəzi təcili tərcümə xidmətləri ilə saziş bağlayıb.

Zəng edən şəxs ispandillidir. Tərcüməçinin xəttə qoşulması cəmi 55 saniyə vaxt aparır. Zəngi qəbul edən Andrea Tobin deyir ki, bu gözləmə vaxtı çox ağrılı ola bilər, hərçənd ki, bu, dispetçerin səsində hiss olunmur. “Biz həmişə gərgin vəziyyətdəyik, əsasən də təcili yardım üçün zənglər gələndə.”

“Zəng edən şəxs İspan dilində danışanda bizim üçün daha rahat olur. Lakin başqa dillərdə olanda çətin olur, çünki biz hansı dildə danışıldığını müəyyən etməliyik. Bu da 30 saniyədən bir dəqiqəyə qədər vaxt apara bilir.” - deyə, Tobin bildirir.

Rus, Vyetnam və Çin dilləri ilə müqayisədə İspan dili daha geniş yayılıb. Son zamanlar isə ölkənin şimal-qərb bölgələrinə gələn qaçqınlar səbəbindən Afrika və Yaxın Şərq dillərinin də artdığı müşahidə edilir. Telelanguage və Language Line kimi tərcümə xidmətləri 200-ə qədər dili tərcümə etdiklərini deyirlər.

Villiamet qraflığındakı 911 mərkəzinin direktoru Mark Bakolz öz tərcüməçilərinin kənardan gətirilənlərdən daha ucuz başa gəldiyini deyir. Onun 55 işçisindən 3-ü tərcüməçidir ki, onlarda ikisi ispan, biri isə rus dilində danışır.

Mark Bakolz deyir ki, onunku kimi mərkəzlərin iki dildə danışan operatorlar tapması qəliz məsələdir. “Bizdə işləmək üçün ikinci dili mükəmməl bilən adam tapmaq çətindir. Hərçənd ki, biz buna gpörə əlavə pul ödəyirik, daxil olan həcm elə səviyyədə deyil ki, bunu işin təlabatına çevirək.

Salem şəhərinin 911 mərkəzinə bir nəfər zəng edir və iki nəfərin onu avtomobillə izlədiyini deyir. Tərcüməçi tez bir zamanda hadisənin baş verdiyi yeri müəyyən etməlidir. Lakin vaxt uzanır. Həmin şəxsin olduğu yer müəyyən edilir.

Zənglərə cavab verən tərcüməçilər ölkənin müxtəlif yerində ola bilər. Şirkətlər belə bir işin evdən də görülə biləcəyini deyir. Bu şirkətlərin çoxu həmçinin ticarət mərkəzlərində, banklarda, məktəblərdə, məhkəmələrdə xidmət göstərirlər.

Amerikaya yenicə gəlmiş mühacirlərə isə bir mühüm tövsiyə var. Ən azı ölkənizin və danışdığınız dilin adlarını səlis ingiliscə deməyi öyrənin.