Elşən Həsənov: Azərbaycanda vətəndaşların hüquq-müdafiə təşkilatları tərəfindən təmsilçiliyi bərpa olunmalıdır

Elşən Həsənov

Vətəndaşların məhkəmələrdə və digər hüquq-mühafizə orqanlarında hüquq müdafiəçiləri tərəfindən təmsil olunması bərpa etdilməlidir.

Bu barədə Azərbaycan Siyasi Məhbuslar Monitorinq Mərkəzinin (ASMMM) bəyanatında deyilir.

Sənəddə xatırladılır ki, 2018-ci il yanvarın 1-dən etibarən Azərbaycanda qüvvəyə minən qaydalara əsasən, adı çəkilən qurumlarda vətəndaşları yalnız Vəkillər Kollegiyasının üzvləri təmsil edə bilər. Beləliklə, hüquq müdafiə təşkilatlarının üzvləri təmsilçilikdən kənarlaşdırılıb.

"Yerli və beynəlxalq dekokratik ictimaiyyətin tənqidinə səbəb olan bu yenilik vətəndaşların hüquqlarının müdafiəsinin zəifləməsinə və vətəndaşlara qarşı işgəncə faktlarının, ədalətsiz məhkəmə hökmlərinin, o cümlədən vətəndaşların bank müəssisələri ilə mübahisələrinə dair ədalətsiz hökmlərin sayının kəskin şəkildə artmasına gətirib çıxarıb," qurumun rəhbəri Elşən Həsənov bildirib.

O, hesab edir ki, hazırda vətəndaşların hüquq müdafiəçiləri və digər etibarlı şəxslər tərəfindən təmsilçiliyi institutunun bərpa edilməsi xüsusilə aktualdır.

"Bu gün, müharibə başa çatdıqdan sonra hərbi əməliyyatlar nəticəsində müxtəlif formalarda ziyan çəkmiş minlərlə insanın hüquqi yardıma ehtiyacı var, xüsusən, evlərinin dağılması ilə əlaqədar sığorta ödənişi, dövlət yardımı almaq, dəyən ziyana görə təzminat almaq üçün iddiaların hazırlanması üçün bu lazımdır," Həsənov bildirib.

Onun sözlərinə görə, ölkədəki kritik vəkil çatışmazlığı nəzərə alınmaqla, vətəndaşlara hüquq müdafiəçilərinin yardımından istifadə etmək imkanı verilməsi faydalı olardı.

Digər tərəfdən, bəyanatda deyilir ki, ölkənin Avropa Şurasına və BMT-nin İnsan Hüquqları Komitəsinə üzvlüyünü və bundan irəli gələn öhdəliklərini nəzərə alaraq, hökumət vətəndaşların fundamental hüquqlarını təmin etməlidir.

ASMMM hakimiyyəti hüquq müdafiə fəaliyyətini Avropa standartlarına uyğun olaraq tam həcmdə bərpa etməyə, QHT-lərin qeydiyyatı üçün əsassız maneələri və vətəndaş cəmiyyəti institutlarının işi üçün digər əngəlləri aradan qaldırmağa, geniş amnistiya elan etməyə çağırır.

"Bu tədbirlər hərbi qələbəyə nail olmaqla yanaşı, Azərbaycanı insan hüquqları və qanunun aliliyinin təmin edilməsi üzrə regionun liderinə çevirməyə imkan verərdi," Həsənov bildirib.

ASMMM 2014-cü ilin oktyabrında bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən təsis edilib.

Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 1791 nəfərdir. Azərbaycanın regionlarında fəaliyyət göstərən vəkillərin sayı 395 nəfərdir ki, bunlardan 95 nəfəri fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Paytaxtda isə fəaliyyət göstərən vəkillərin sayı 1396 nəfərdir, bunlardan 103 nəfəri fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Həmçinin Bakı şəhərində Vəkillər Kollegiyasının 56, regionlarda isə 37 vəkil qurumu fəaliyyət göstərir.

Ölkə əhalisinin sayı 10 milyondan çoxdur.

Ali Məhkəməin məlumatına görə, 2018-ci ildə respublikanın birinci instansiya (ümumi və inzibati-iqtisadi) məhkəmələri tərəfindən 246.920 işə, o cümlədən 224.584 mülki işə, 5.029 iqtisadi mübahisələrə, 17.307 inzibati mübahisələrə, 14.931 nəfər barəsində 12.539 cinayət işinə baxılıb.