Elşad Abdullayev qardaşını tələb edir, tutulanlar dələduzluqda ittiham edilir

Elşad Abdullaev

Keçmiş Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevə qarşı dələduzluqda günahlandırılan 3 nəfər həbs edilib
Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı iş üzrə törətdikləri cinayət əməllərinə görə Vaqif Hüseyn, Nəriman Ağayev və Arzu Kazımov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsi radiosuna bildirib.

O deyib ki, qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır.

Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə Baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Öz növbəsində vəkil Ramiz Zeynalov Amerikanın Səsi radiosuna bildirib ki, noyabrın 6-da Səbayel Rayon Məhkəməsi Arzu Kazımov barəsində həbs qətimkan tədbiri seçib. Onun adı fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevlə bağlı cinayət işində keçir.

A.Kazımovs “İnşaatservis-2002” şirkətinin təsisçisi və rəhbəridir. E.Abdullayev mediaya bildirib ki, A.Kazımov qardaşının qaytarılması müqabilində yüksək vəzifəli şəxslərə rüşvət vermək üçün ondan 3 milyon dollar alıb. O, qardaşı qaytarılmadığına görə sonradan pullarını geri istəyib və A.Kazımov vəsaiti qaytarmayıb. Bunun müqabilində ona ev və torpaq sahəsi verib. Lakin E.Abdullayev pullarının qaytarılmasını tələb edir.

Vəkil deasab edir ki, Arzu Kazımova qarşı irəli sürülən ittiham və onun həbsi əsassızdır. Çünki nə Elşad Abdullayevin A.Kazımova qardaşının qaytarılması müqabilində pul verməsini, nə də A.Kazımovskinin bu pulları ondan M.Abdullayevin qaytarılması müqabilində aldığını sübut edən hər hansı sənəd və ya sübut yoxdur”.

Onun sözlərinə görə, A.Kazımov pulları E.Abdullayevdən 30 faiz sələmə alıb və bunu təsdiq edən notariat sənədi var. A.Kazımov pulu 1 il yarım müddətə tikinti işlərini davam etdirməsi üçün alıb və sənəddə təsdiq olunub. Lakin bir neçə aydan sonra E.Abdullayev pullarını tələb edib.

A.Kazımov əvvəlcə Əhməd Cavad küçəsində tikdiyi evdə E.Abdullayevin hansısa vəzifəli şəxsə bağışlaması üçün 500 min manat dəyərində qiymət qoyduqları 411 kv. metr mənzil verib. Bundan sonra isə A.Kazımovski aldığı qalan pulun müqabilində Suraxanıda aeroport yolunun üstündə yerləşən, qardaşına məxsus 2 hektar 20 sot torpağı, oradakı ofis binası və şirkəti ilə birgə E.Abdullayevə verib. Tərəflər razılaşıblar ki, borc və sələm ödənilib, bu barədə notarius sənədi var”, vəkil qeyd edib.

Xatırladaq ki, həbs qətimkan tədbiri seçilməmişdən öncə A.Kazımovski iki dəfə şahid qismində istintaqa dəvət edilib. Sonuncu dəfə noyabrın 3-də istintaqa dəvət ediləndə səhhəti pisləşib, şəkəri 295-ə və ürək təzyiqi 160-a qalxıb. O, xəstəxanaya yerləşdirilib. Xəstəxanada vəkillə görüşə imkan verilməyib, palatasının qapısı qarşısında polis postu qoyulub. Sonra isə məhkəməyə aparılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Elşad Abdullayev hazırda Fransada mühacirətdədir. Onun qardaşı Mahir Abdullayev 2003-cü ildə itkin düşüb. E.Abdullayev qardaşının oğurlandığını iddia edir və onun qaytarılması üçün vəzifəli şəxslərə 10 milyon dollaradək rüşvət verdiyini bildirir.