Elşad Abdullayevin yeni videosu, bu dəfə 5 milyon rüşvət (video)

Your browser doesn’t support HTML5

Elşad Abdullayevin yeni vidosu - 5 milyon rüşvət

Video sabiq rektorun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hacı Ağababa Babayevlə görüşünü əks etdirir
“Azadlıq” qəzeti fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yeni videosunu yayıb.

Videoda sabiq rektorun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirir.

Hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev qəzetinə bildirib ki, əvvəlki müraciətlərindən sonra prezident İlham Əliyevin sərəncamına əsasən 4 oktyabr 2012-cü il tarixdə Baş Prokurorluqda qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin oğurlanması faktına görə, başlanmış cinayət işinin istintaqını aparmaq məqsədi ilə Müstəqil İstintaq Komissiyası (MİK) yaradılıb.

“Bundan sonra, mən bu işlə əlaqədar şəxsi təşəbbüsümlə topladığım sübutları MİK-ə təqdim etmişəm. Bu sübutların bir hissəsi əvvəllər də mənim tərəfimdən hüquq-mühafizə orqanlarına təqdim olunsa da, təəssüf ki, 9 il müddətində 12 müstəntiq heç bir araşdırma aparmamış, tədbir görülməmişdir və bunun üçün Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsinin zəruri olmasını qeyd etmişlər. Məndə belə bir təsəvvür yaranır ki, MİK də bu sübutları araşdırmaq üçün lazımi tədbirlər görmür, hər halda onun fəaliyyəti arzu etdiyim səviyyədə deyil”.

O deyib ki, hazırda MİK-ə təqdim etdiyim sübutlardan biri də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Babayev Hacı Ağababa Fərman oğlu ilə söhbətimizin video və audio yazılarıdır. Bu materialları mən 2 mart 2009-cu ildə rəsmi qaydada, protokol ilə MTN-in əməkdaşı Rəsul Rəsulova vermişəm və bunu əks etdirən video kaseti MİK-ə təqdim etmişəm...”, - deyə E.Abdullayev qey edib.

Sabiq rektor hakimlə söhbətinin 2007-ci ilin iyuluna təsadüf etdiyini bildirir.

Videoda əks olunanlarla bağlı hakim Hacı Ağababa Babayevin mövqeyini öyrənmək mümkün olmayıb. O telefonlarına cavab vermir.

Videoda hazırda Türkiyəyə mühacirətə getmiş iş adamları Zülfiqarlı qardaşlarının həbsi ilə bağlı məqam da var. Hakim deyir ki, qardaşlardan beş milyon rüşvət alıblar. Hacı Ağababa Babayev Zülfiqarlı qardaşları barədə həbs qərarı qəbul edib.

Vəkil Aslan İsmayılov keçmiş rektor Elşad Abdullayevin sosial şəbəkələrə yeni yerləşdirdiyi videogörüntülərin Zülfüqarlı qardaşları ilə bağlı hissəsinə dair Turan-a şərh verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov isə “Media forum” saytına deyibki, daxili işlər naziri “Ramil Usubovu bütün ölkə yaxşı tanıyır.

"Belə iftiralar Ramil Usubova yapışmaz. Kim nə deyir, desin. Ramil Usubovun adını belə şeylərə bulaşdırmaq istəyənlərin cəhdləri əbəsdir. Ramil Usubovu bütün ölkə, xalq və bütün sistem tanıyır. Hamı onun necə insan olduğunu bilir. O, heç vaxt belə şeylərə bulaşmaz”.


“Son illərdə Elşad Abdullayev DİN-ə hansısa videolar göndərərək belə hallarla üzləşdiyinə dair şikayət edibmi, yoxsa bu videolardan onlar yayılandan sonra məlumat tutursunuz” sualına mətbuat xidmətinin rəhbəri belə cavab verib.

“Məndə bu barədə məlumat yoxdur. Mətbuat xidməti istintaqla bağlı bütün məlumatlara malik olmur. Siz nə qədər bilirsinzisə, mən də onu bilirəm”.