Ukrayna parlamenti və onun spikeri sosial media hesabında Ukrayna prezidenti Volodimir Zelenskinin Qərbdən yardım istəməsini ələ salan post yerləşdirdiyinə görə milyarder İlon Maskı tənqid edib.
Mask Ukraynanın müdafiəsi üçün zəruri olan "Starlink" peyk rabitəsi xidmətlərini təqdim edən SpaceX şirkətinin sahibidir.
Mask bazar ertəsi əvvəllər Twitter kimi tanınan X platformasında Zelenskinin şəklini yerləşdirib və "5 dəqiqə keçib və siz hələ bir milyard dollar yardım istəməmisiniz" yazıb.
Zelenski və Ukraynanın yüksək səviyyəli rəsmiləri müharibə boyu Rusiyanın müdaxiləsinə müqavimət göstərmək üçün müttəfiqlərinə milyardlarla dollarlıq hərbi yardımla bağlı müraciət edib.
Ukrayna parlamentinin spikeri Ruslan Stefançuk Maskın sözlərinə cavab olaraq, X səhifəsində onun şirkətinin aprel ayında uğursuz raket buraxılışını lağa qoyub.
Ukrayna parlamenti X platformasındakı rəsmi səhifəsində Maskı Rusiya təbliğatını yaymaqda ittiham edərək, onun şəklini yerləşdirib və bunları yazıb: "5 dəqiqə keçib və sən hələ Rusiyanın təbliğatını bölüşməmisən".
Əvvəllər Maskın bəzi açıqlamalarını tənqid edən Ukrayna prezidenti aparatının müşaviri Mixeil Podolyak X səhifəsindəki yazıda Ukrayna ilə bağlı səssizlik və ya istehzalı sözlərin Rusiya təbliğatının xeyrinə olduğunu bildirib.
"Təəssüflər olsun ki, müharibənin episentrindən minlərlə kilometr aralıda olan medianın mühüm simlarının heç də hamısı hər gün atışmaların və valideynlərini itirən uşaqların ağlamasının nə demək olduğunu başa düşmür" - deyə, o yazıb.
Keçən il Rusiyanın genişmiqyaslı hücumu başlayandan bəri ABŞ Ukraynaya on milyardlarla dollar hərbi və maliyyə yardımı göstərən ən böyük donor olub.