Təbriz şəhərində 26 yaşlı qız təcavüzə məruz qalandan sonra öldürülüb. Elnaz Babazadənin Təbrizin "Vəliəsr" məhəlləsinin sakini olduğu bildirilir. Bu xəbəri Türk və Fars xəbər və insan haqları saytları yayıblar. İranın polis və ədliyyə orqanları məsələ barədə əvvəlcə şərh verməsələr də xəbərin sürətlə yayılmasından sonra, belə bir hadisənin baş verdiyini təsdiqləyiblər.
Xəbərlərdə qeyd olunur ki, İran Azərbaycanında dövlətin "İffət və Hicab" qanunlarına riayət olunmasına nəzarət üçün polis və mülki geyimli məmurlar maşınları saxlayıb, xanımlara və qızlara ya başlarını bağlamaq haqda göstəriş verir, ya da onları tutub aparırdılar. İran Bəşər Haqları Fəallarının Xəbər Agentliyi HARANA bildirib ki, Elnaz xanıma yaxınlaşan 3 adam ona bəsici olduqlarını deyib və əmrlər veriblər. Elnaz xanım onlara etiraz edib. Onu silahla hədələyən bəsicilər azərbaycanlı xanımı maşınından düşürərək aparıblar.
Pars Deyli Nyüz qəzeti yazır ki, “Onların hər üçü də Elnaz Babazadəni döyəndən sonra, ona təcavüz ediblər. Sonra isə onu öldürüb, cəsədini Təbrizin İmamiyyə qəbiristanının yaxınlığına atıblar. HARANA yazır ki, Elnaz xanımın vəkili apardığı araşdırmalara əsasən mərhumun yas mərasimində deyib ki, onu öldürənlərdən biri İran hərbçilərinin bir komandanının oğludur.
Keyhan qəzeti hadisələrdə bəsicilərin və hərbçinin oğlunun rolu olması barədə xəbərləri yalan adlandırıb və yazıb ki, “Bu cavan qız bir silahlı oğru tərəfindən qətlə yetirilib”.
Axbarı Təbriz sitəsi də təcavüz və öldürmə hadisələrində bəsicilər və yüksək rütbəli hərbçinin oğlunun rolu olması xəbərini yalan adlandırıb və Keyhanın xəbərini yayıb. Ancaq saytın ayrı bir xəbərində deyilir ki, Təbriz polisi Həsən adlı 27 yaşlı qatili tutub. Axbarı Təbriz sitəsi əlavə edir ki, Təbrizin ədliyyə rəsmisi, hakim Xəlilullahi bu cinayəti oğruluq hadisəsi ilə əlaqələndirib və qatilin təbrizli olmadığını deyib.
Bu arada, HARANA yazır ki, məhkəmə tibbi-ekspertizası Elnazın zorlandığı, döyüldüyü və güllələndiyi faktını təsdiq edib. Cinayət İranda və xüsusən İran Azərbaycanında güclü rəaksiyaya səbəb olub.