Elmar Məmmədyarov BQXK-nin regional direktoru ilə qaçqın, əsir və girov məsələlərini müzakirə edib

Elmar Məmmədyarov və BQXK-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vialı qəbul edib.

Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Patrik Vial BQXK-nin Azərbaycanda fəaliyyəti, o cümlədən ölkədə təcridxanaların şəraiti, cəbhə xəttinə yaxın ərazilərdə mülki şəxslər üzrə iş və itkin düşmüş şəxslərin taleyi ilə bağlı danışıb. Azərbaycanda penitensiar sistemin inkişafı və təcridxanalarda şəraitin əsaslı şəkildə yaxşılaşdırılmasını xüsusi olaraq diqqətə çatdırıb.

Əsir və itkin düşmüş şəxslərlə bağlı Azərbaycan tərəfinin narahatlıqlarını bölüşən P.Vial ailə üzvlərinin itkin düşmüş yaxınları haqqında məlumat əldə etmək hüququnu bir daha xatırladıb. Azərbaycan və Ermənistan prezidentlərinin 2014-cü il Paris görüşündə əldə edilmiş, itkin düşmüş şəxslər üzrə məlumatların mübadiləsini ehtiva edən razılaşmanın bu sahədə irəliləyişlərə təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Mətbuat xidməti bildirir ki, nazir Məmmədyarov əsir və itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı BQXK-in nəcib xarakterli fəaliyyətini qeyd edərək, Ermənistanın sırf humanitar xarakter daşıyan bu məsələdə konstruktiv mövqe nümayiş etdirməsinə ciddi ehtiyac olduğunu vurğulayıb.

“Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində 4000 nəfərdən artıq azərbaycanlının sənədləşdirilmiş şəkildə itkin düşmüş şəxsi hesabı var. Bu şəxslərin əksəriyyəti Ermənistan tərəfindən qətlə yetirilib, Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə kütləvi məzarlıqlarda basdırılıb”, nazir qeyd edib.

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan Prezidentlərinin 2014-cü ildə Parisdə keçirilmiş görüşündə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin həyata keçirilməsi, bioloji məlumat bazasının yaradılması üzrə humanitar xarakter daşıyan bu təklifə Azərbaycanın dərhal müsbət münasibət bildirdiyini xatırladıb.

“Ermənistan etimad quruculuğuna xidmət edəcək bu təklifdən müxtəlif bəhanələrlə yayanır, itkin düşmüş şəxslər və kütləvi məzarlıqlar barədə məlumat mübadiləsinə imkan vermir”, o qeyd edib.

Soydaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin ata-analarının qəbirlərini ziyarət edərkən öz tarixi torpaqlarında Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülməsi məsələsini gündəmə gətirən Elmar Məmmədyarov Ermənistanın bu şəxsləri dərhal azad etməsi üçün beynəlxalq təsisatlar və ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən səylərin artırılmasının vacibliyini vurğulayıb.

Nazir Ermənistan tərəfindən mülki əhalinin hədəf seçilərək atəşə tutulması hallarının artmasının yolverilməz olduğunu deyib.

“1 sentyabr 2015-ci ildə Tərtər rayonunun Qapanlı kəndində toy mərasiminin atəşə tutulmasının nəticələri beynəlxalq humanitar hüququn pozulmasına əyani sübutdur.Ümumilikdə isə cəbhə boyunca atəşkəsin pozulmasının və itkilərin qarşısının alınması üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır”, Məmmədyarov bildirib.

Nazir həmçinin Ermənistan tərəfindən Suriyadan olan erməni mənşəli şəxslərin Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılmasının beynəlxalq humanitar hüquqa zidd olduğunu xatırladıb.

“Bu məsələ BQXK-nin mandatı əsasında araşdırılmalıdır. Ermənistan tərəfindən Cenevrə Konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması davamlı və sistematik hal alıb”, o qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlərlə yanaşı, Avropada miqrasiya böhranı ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ermənistan tərəfi Azərbaycanın xarici işlər nazirinin firkirlərinə hələ münasibət bildirməyib.