“Azərbaycan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında ən güclü trans-sərhəd bağlantıya və yüksək inkişaf etmiş İKT sektoruna malikdir. Nəticə etibarilə, Azərbaycan, xüsusilə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilməsi ilə region üçün mühüm İKT mərkəzinə çevrilmişdir. TASİM həm Avrasiya boyunca genişzolaqlı bağlantının yaradılması, İKT infrastrukturunun inkişafı və elektron ticarətin təşviq edilməsinə dəstək olacaq, həm də rəqəmsal uçurumun region hüdudlarından kənarda aradan qaldırılmasına töhfə verməkdə davam edəcəkdir”. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarovun dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal imkanlara cəlb edilməsi”nə dair yüksək səviyyəli forumunda çıxışında bildirib.
Nazirin firkitncə, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün səmərəli multimodal nəqliyyat xətlərinin inşasının vacibliyi məlumdur.
“Bu çərçivədə Tarixi Böyük İpək Yolunun bərpası Avropa və Asiya arasında iqtisadi əlaqələrin gücləndirilməsində strateji rola malikdir. Azərbaycanın müasir nəqliyyat-tranzit infrastrukturu tərəfdaşları üçün sərnişin və yüklərin beynəlxalq daşınması üçün daha etibarlı, davamlı və iqtisadi baxımdan səmərəli marşrutla təmin etmək və multimodal nəqliyyatın həcmini artırmaqla regionlararası və regiondaxili ticarətin genişləndirilməsinə müstəsna şərait yaradır. Azərbaycan qonşu Türkiyə və Gürcüstanla birgə tərəfdaşlıq çərçivəsində Avropa və Asiya arasında ən qısa nəqliyyat bağlantısı olan Bakı-Tbilisi-Qars dəmir yolunu dəstəkləmiş və maliyyələşdirmişdir”.
Məmmədyarov deyib ki, Azərbaycan həmçinin yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını uğurla istismara verib.
“Çindən gələn ilk sınaq konteyneri 2015-ci ilin avqustunda Xəzər dənizindən keçməklə yeni limana daxil olub. Önəmlisi odur ki, Azərbaycanın bu yaxınlarda dəmir yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilata qoşulması Asiya və Avropa arasında sərnişin və yüklərin dəmir yolu ilə beynəlxalq daşınması üçün vahid çərçivə yaradacaqdır".
Nazir regional enerji təhlükəsizliyinə töhfə Azərbaycanın baxışının əsas təməlini təşkil etdiyini diqqətə çatdırıb.
“Azərbaycan trans-regional əhəmiyyətə malik bir sıra enerji layihələrinin təşəbbüsündə öz liderliyini nümayiş etdirib. Azərbaycan tərəfindən irəli sürülən layihələr regionda sosial-iqtisadi tərəqqiyə təkan verib və həmçinin ölkə sərhədlərindən kənara yayılmasına müsbət təsir göstərir. Bu baxımdan, Cənubi Qaz Dəhlizinin təşəbbüskarı kimi biz Avropanın enerji təhlükəsizliyinə töhfənin həm regionun digər enerji istehsalçıları, həm də istehlakçı və tranzit ölkələr üçün qarşılıqlı faydalı olduğuna inanırıq”.
Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin regional əməkdaşlıq üçün mühüm problem olduğunu bildirib.
“Bu çağırış beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən çoxsaylı insan itkiləri ilə nəticələnən, yüz minlərlə mülki şəxsi öz evlərini tərk etməyə məcbur edən, ölkə infrastrukturunun xeyli hissəsini məhv edən və ciddi iqtisadi çətinliklər yaratmaqda davam edən işğalı ilə bağlıdır”, o qeyd edib.