Elmar Məmmədyarov: Zabit Ramil Səfərovla bağlı məsələ Ermənistanın Azərbaycan torpaqlarını işğalının nəticəsidir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Amerika dövlət katibinin müavini və Minsk qrupunun həmsədrləri ilə söhbətində Azərbaycan zabitinin həbsdən buraxılmasını belə izah edib
Avqustun 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börns arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, telefon danışığı zamanı nazir Məmmədyarov ABŞ-ın mövqeyinin Azərbaycan üçün anlaşılmaz olduğunu və Azərbaycan xalqının etnik təmizlənməyə məruz qaldığını diqqətə çatdırıb.

Nazir Məmmədyarov Azərbaycan ordusunun zabiti Ramil Səfərov ilə bağlı məsələnin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin nəticəsi olduğunu vurğulayıb.
Mətbuat katibi eyni zamanda deyib ki, avqustun 3-də Fransada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşüb. Görüşdə əsas müzakirə mövzusu Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması olub.

Mətbuat katibinin sözlərinə görə, görüşdə Məmmədyarov işğalın danılmaz bir fakt olduğunu və regionun gələcək inkişafını şübhə altına aldığını diqqətə çatdırıb. Azərbaycan Ordusunun zabiti Ramil Səfərov ilə bağlı məsələyə münasibət bildirən nazir deyib. “Bu məsələ işğalın davam etməsi ilə bağlıdır. Həmsədrlər Ermənistanın işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasına səy göstərməlidir”, - nazir qeyd edib.

Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü il fevralın 19-da Macarıstanda NATO-nun treninqi zamanı Ermənistan ordusunun zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Ramil Səfərov 2012-ci il avqust 31-də Bakıya ekstradisiya olunub və Azərbaycan prezidentinin sərəncamı ilə əfv edilib.