Elmar Məmmədyarov: Münaqişə nizamlanmayınca gərginlik qalacaq və gənclər həlak olacaq

Cəbhədə gərginliyin artması dövlət katibi Hillari Klintonla sabahkı görüşdə və iyunun 18-də Ermənistan xarici işlər naziri ilə danışıqlarında müzakirə olunacaq.

“Ermənistan-Azərbaycan münaqişəsi nizamlanmayana kimi, təmas xəttində gərginlik qalacaq və gənclər həlak olacaq”. Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanla sərhəddə beş azərbaycanlı əsgərin şəhid olmasına münasibət bildirib.

“Nə qədər ki, münaqişə nizamlanmayıb, vəziyyəti proqnozlaşdırmaq mümkün olmayacaq”, - deə nazir Məmmədyarov Ukrayna xarici işlər naziri Konstantin Qrişenko ilə danışıqlarının yekunlarına həsr olunmuş mətbuat konfransında qeyd edib.
Onun fikrincə, danışıqlarda müzakirə olunan yenilənmiş “Madrid prinsipləri” sülh sazişi üçün zəmin ola bilər və erməni tərəfi bunu nə qədər tez qəbul etsə, münaqişə bir o qədər tez nizamlanar.
“Sazişin konturları aydındır, təfərrüatlıdır”, - cənab Məmmədyarov qeyd edib və ümidvar olduğunu bildirib ki, Ukraynanın ATƏT-də sədrliyi müddətində Qarabağ nizamlanmasında irəliləyiş olacaq.
Nazir həmçinin qeyd edib ki, gərginliyin artması ilə bağlı son faktlar Hillari Klintonla sabahkı görüşündə və iyunun 18-də Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla danışıqlarında müzakirə olunacaq.
Cənab Məmmədyarov deyib ki, məhz Ermənistan Azərbaycan ərazilərini işğal edərək Helsinki Yekun Aktı prinsiplərini, o cümlədən hərbi qüvvə tətbiq etməmək prinsipini pozur.

Xatırladaq ki, iyunun 18-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq.

ABŞ dövlət katibi Hillari Klintonun sabah Bakıya gözlənilən səfərinə toxunan nazir qeyd edib ki, Qarabağ mövzusu danışıqlarda bir nömrəli məsələ olacaq.